AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşa Zəfəri – Azərbaycan xalqının çoxəsrlik arzusunun gerçəkləşməsi

Azərbaycan xalqının tarixində elə şəhərlər var ki, onların əhəmiyyəti coğrafi sərhədlərlə ölçülmür. Şuşa məhz belə müqəddəs məkanlardan biridir. Qarabağın qoynunda yerləşən bu qədim şəhər xalqımızın milli yaddaşını, mədəni irsini, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirir. Uzun illər işğal altında qalmasına baxmayaraq, Şuşa Azərbaycan xalqının qəlbində daim yaşayıb.

1992-ci il mayın 8-də Şuşanın işğal olunması xalqımız üçün böyük faciəyə çevrildi. Minlərlə insan doğma yurdunu tərk etməyə məcbur oldu, şəhərin tarixi-mədəni irsinə ciddi ziyan vuruldu. Lakin Azərbaycan xalqı bu ağır itki ilə barışmadı. Dövlətimiz bütün imkanlarını səfərbər edərək ərazi bütövlüyünün bərpasını əsas milli məqsədlərdən biri kimi müəyyənləşdirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, güclü iqtisadiyyatın formalaşdırılması və Azərbaycan Ordusunun müasirləşdirilməsi tarixi qələbəyə zəmin yaratdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Ordumuz böyük qəhrəmanlıq göstərərək işğal altındakı ərazilərimizi azad etməyə başladı. Noyabrın 8-də isə Şuşa şəhəri düşmən işğalından azad edildi.

Şuşa uğrunda aparılan döyüşlər Azərbaycan hərb tarixinin ən mürəkkəb əməliyyatlarından biri kimi yadda qaldı. Əsgər və zabitlərimiz sıldırım qayaları, çətin dağ yollarını və dərin dərələri aşaraq şəhərə daxil oldular. Onların göstərdiyi qəhrəmanlıq xalqımızın çoxəsrlik arzusunu gerçəkləşdirdi. Bu qələbə Azərbaycan əsgərinin Vətənə bağlılığının və Ali Baş Komandanın qətiyyətinin təntənəsi oldu.

Bu gün Şuşa yenidən Azərbaycan xalqının həyatında öz layiqli yerini tutur. Şəhərdə aparılan bərpa işləri, mədəni tədbirlər və Böyük Qayıdış prosesi tarixi Zəfərin davamıdır. Şuşa Şəhəri Günü münasibətilə bu qələbəni bizə bəxş edən şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.

Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button