AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşa əməliyyatı – Azərbaycan hərb tarixinin unudulmaz səhifəsi

Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mürəkkəb və strateji baxımdan həlledici hərbi əməliyyatlarından biri kimi Azərbaycan hərb tarixinə daxil olub. Qarabağın dağlıq relyefində yerləşən şəhərin azad olunması böyük hərbi hazırlıq, xüsusi taktiki yanaşma, yüksək döyüş əzmi və peşəkarlıq tələb edirdi. Azərbaycan Ordusu bütün bu çətinliklərin öhdəsindən gələrək dünya hərb tarixinə özünəməxsus uğur yazdı.

Əməliyyat zamanı Azərbaycan hərbçiləri sıx meşələrdən, dərin dərələrdən və sıldırım qayalıqlardan keçərək Şuşaya yaxınlaşdılar. Ağır texnikanın hərəkəti üçün əlverişli olmayan ərazilərdə əsgər və zabitlərimizin nümayiş etdirdiyi fədakarlıq əməliyyatın uğurunda mühüm rol oynadı. Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri yüksək hazırlıq və çevik taktiki fəaliyyət sayəsində düşmənin müdafiə sistemini yararaq şəhərə daxil oldular.

Şuşa döyüşləri bir daha sübut etdi ki, müasir müharibələrdə texniki üstünlüklə yanaşı, şəxsi heyətin hazırlığı, düzgün qərarvermə, mənəvi ruh və əməliyyat çevikliyi də həlledici əhəmiyyət daşıyır. Azərbaycan əsgərinin Vətən sevgisi və torpaqlarımızı azad etmək əzmi ən çətin maneələri belə aşmağa imkan verdi. Hər bir hərbçimiz üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərbi strategiya Şuşanın azad edilməsində mühüm rol oynadı. Dövlət başçısının qətiyyətli mövqeyi və Ordumuza göstərdiyi diqqət qələbənin əsas dayaqlarından biri oldu. Şuşanın azad edilməsi Azərbaycan dövlətinin hərbi-siyasi gücünü beynəlxalq miqyasda nümayiş etdirdi.

Bu gün Şuşa əməliyyatı hərbi təhsil müəssisələrində, tarix dərslərində və gələcək nəsillərin yaddaşında öyrəniləcək qəhrəmanlıq nümunəsidir. Bu əməliyyat Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi. Şuşa Şəhəri Günü münasibətilə qəhrəman hərbçilərimizin şücaətini ehtiramla yad etmək, şəhidlərimizin xatirəsini yaşatmaq və qazilərimizin fədakarlığını qiymətləndirmək hər birimizin mənəvi borcudur.

İradə İsmayılova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 33” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button