
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 37A” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında irəli sürdüyü mühüm çağırışlar və qarşıya qoyduğu vəzifələr, eləcə də gənclərin ideoloji tərbiyəsi mövzusunda görüş təşkil olunub.
Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov çıxış edərək müasir dövrdə ideoloji maarifləndirmənin əhəmiyyətinə toxunub. O bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursun mahiyyətinin gənc nəslə düzgün çatdırılması, milli maraqların müdafiəsi və dövlətçilik ideyalarının təşviqi partiya təşkilatlarının fəaliyyətində mühüm yer tutur. Həmçinin gənclərin ölkənin tarixi, əldə etdiyi nailiyyətlər və qarşıda duran hədəflər barədə məlumatlandırılmasının vacibliyini vurğulayıb.
61 saylı məktəbin direktoru Zenfira Şıxəliyeva təhsil prosesində milli-mənəvi dəyərlərin təbliğinin və şagirdlərdə vətəndaşlıq məsuliyyətinin formalaşdırılmasının önəmini qeyd edib. O, müəllimlərin gənc nəslin dünyagörüşünün zənginləşdirilməsi, onların Vətənə bağlılıq hissinin möhkəmləndirilməsi və müstəqil düşüncə qabiliyyətinin inkişaf etdirilməsi istiqamətində üzərinə düşən vəzifələrdən danışıb.
Tədbirdə iştirak edən digər şəxslər də ideoloji işin müasir tələblərə uyğun qurulması, gənclərin milli-mənəvi irsə marağının artırılması və dövlətçilik dəyərlərinin təhsil mühitində daha geniş təbliği ilə bağlı fikirlərini səsləndiriblər.
Görüşün sonunda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin yerinə yetirilməsi, ideoloji maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə olunub.




