
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 108” ünvanı üzrə ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Elektron Hesablama Maşınları Zavodunun direktoru Eldar Vəliyev və digər iştirakçılar çıxış ediblər.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin əsas istiqamətləri, müdafiə sənayesinin inkişafı, sənaye potensialının gücləndirilməsi və bu sahədə qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb.
Çıxışlarda müdafiə sənayesinin milli təhlükəsizliyin təmin olunmasında strateji əhəmiyyəti vurğulanıb, müasir texnologiyaların tətbiqi, istehsal imkanlarının genişləndirilməsi, yerli sənaye potensialının artırılması və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyi qeyd edilib.
Həmçinin YAP-ın VIII Qurultayında müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrə toxunulub. Bildirilib ki, dövlətçilik prinsiplərinin, milli maraqların və vətənpərvərlik ideologiyasının təbliği, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, eləcə də əmək kollektivlərində ideoloji maarifləndirmə işinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Sonda müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müdafiə sənayesinin inkişafı, milli iqtisadi potensialın gücləndirilməsi və Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.




