AnalitikaDünyaGündəmSiyasət
Trend

Rəşadət Xalıqov: Bakı qlobal sivilizasiyalararası dialoqun və yeni dünya nizamının mərkəzinə çevrilir

“Oktyabrın 27-də paytaxt Bakı növbəti dəfə dünyanın siyasi və mədəni elitasını bir araya gətirərək, qlobal arxitekturanın yenidən cızıldığı bir dönəmdə Azərbaycanın artan geosiyasi çəkisini nümayiş etdirdi. 100-dən artıq ölkədən gəlmiş 2000-dən çox iştirakçının qatıldığı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sadəcə ənənəvi tədbir çərçivəsindən çıxaraq, Azərbaycan Prezidenti İlham Əliyevin qlobal güclərə və beynəlxalq ictimaiyyətə ünvanladığı kəskin, həlledici və uzaqgörən siyasi mesajların tribunasına çevrildi”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin çıxışının ən kəskin siyasi xəttini beynəlxalq riyakarlığın ifşası və ikili standartların qətiyyətli rəddi təşkil edib. Düz 30 il ərzində ərazisinin 20 faizi işğal altında qalan, bir milyon vətəndaşı qaçqın düşən, 65 məscidi yerlə-yeksan edilən Azərbaycana münasibətdə dünya birliyinin susqunluğu beynəlxalq ədalətin iflası idi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qaldığı, təcavüzkar Ermənistana qarşı heç bir sanksiyanın tətbiq edilmədiyi bir şəraitdə Azərbaycan tarixi missiyanı təkbaşına icra etdi. Heç bir xarici yardım almadan, yalnız öz hərbi-iqtisadi gücü hesabına ədaləti bərpa edən rəsmi Bakı xarici güclərin suveren ölkələrə necə yaşamağı diktə etmək cəhdlərini də birmənalı şəkildə rədd edir.

“Müharibəni başlamaq asan, qalib gəlib onu bitirmək isə ən mürəkkəb siyasi gedişdir. Azərbaycan hərb meydanında qazandığı tam qələbədən sonra qisasçılıq hisslərindən uzaq duraraq dərhal Ermənistana sülh sazişi təklif etməklə qlobal siyasətə unikal bir presedent qazandırdı. Xüsusilə Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin şahidliyi ilə sülh istiqamətində əldə olunan tarixi razılaşmalar ölkəmizin regionda sülhə əsaslanan tamamilə yeni arxitektura qurduğunu sübut edir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, müstəqilliyinin bərpasının 35-ci ilində Azərbaycan artıq qlobal iqtisadi və siyasi şəbəkənin mərkəzi düyün nöqtələrindən biridir. Çin və ABŞ kimi supergüclərlə strateji tərəfdaşlıq sənədlərinin imzalanması, Avropa İttifaqının 10 ölkəsi ilə strateji əlaqələrin mövcudluğu ölkəmizin diplomatik çəkisini nümayiş etdirir.

Onun sözlərinə görə, aşağı xarici borc, qlobal enerji və nəqliyyat şəbəkələrindəki həlledici rol və qarşıdan gələn illərdə İslam Əməkdaşlıq Təşkilatı (2027) və Avropa Siyasi Birliyi (2028) kimi nəhəng platformaların zirvə görüşlərinə ev sahibliyi etmək hüququ Azərbaycanın beynəlxalq aləmdəki etibarlı və əvəzolunmaz mövqeyinin təsdiqidir.

Rəşadət Xalıqov qeyd edib ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunları bir daha göstərdi ki, müasir dünyanın üzləşdiyi silsilə böhranlar, ideoloji qarşıdurmalar və geosiyasi böhranlar fonunda Bakı sivilizasiyalararası anlaşmanın ən etibarlı və sarsılmaz ünvanıdır. Tədbir boyunca aparılan yüksəksəviyyəli müzakirələr və irəli sürülən ideyalar təsdiqləyir ki, Azərbaycanın təklif etdiyi “divarların deyil, körpülərin qurulması” fəlsəfəsi bütövlükdə qlobal sülhün yeni arxitekturasının təməl daşına çevrilir. Növbəti dəfə sübut olundu ki, fərqli mədəniyyətləri və ideyaları bir araya gətirən Bakı daha təhlükəsiz, ədalətli və ahəngdar bir gələcəyə doğru açılan qlobal dialoq qapısıdır.

Oxşar Xəbərlər

Back to top button