AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı Azərbaycan və Rusiya arasında razılıq əldə olunub

Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə şəhərində 2025-ci il oktyabrın 9-da keçirilən görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 2024-cü il dekbarın 25-də Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirliklərinin birgə bəyanatında əksini tapıb.
Bəyanatda, həmçinin bildirilib: “Atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir.
Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Təyyarə qəzası nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir və faciədən zərər çəkmiş hər kəslə bu əvəzolunmaz itkinin ağrı-acısını bölüşürük”.



