AnalitikaDünyaGündəmSiyasət

“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplatısı: Azərbaycanın praqmatik mövqeyi və regional sülh, əməkdaşlıq mesajları

“İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Avropa məkanında siyasi dialoqun və regional təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm platforma kimi çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında iştirak edərək regionda sülh, əməkdaşlıq və geosiyasi reallıqlara dair Azərbaycanın mövqeyini açıqlayıb”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin çıxışında əsas istiqamətlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması idi. O, regionda artıq müharibə mərhələsinin arxada qaldığını və real nəticələrə əsaslanan sülh prosesinin inkişaf etdiyini vurğulayıb: “Bununla da, Azərbaycan artıq status-kvonu, müharibəni deyil, yeni regional düzənin formalaşdığını, həmçinin humanitar və iqtisadi jestlər, ticarət əlaqələrinin başlanması, resursların ötürülməsi və s. vasitəsilə etimad quruculuğunu, eləcə də sülh müqaviləsinin real perspektivini, ritorikadan praktik diplomatiyaya keçidi ön plana çıxarır. Bu mövqe isə bir daha Azərbaycanın regional gündəmdə təşəbbüskar aktor kimi çıxış etdiyini göstərir. Çıxışda diqqət çəkən digər mühüm istiqamət regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi idi. Prezident Azərbaycanın regional layihələrdə oynadığı rolu dolayı şəkildə vurğulayaraq, əməkdaşlıq platformalarının genişləndirilməsinin vacibliyini qeyd edib. Bu kontekstdə nəqliyyat və kommunikasiya xətlərinin açılması, regionun tranzit potensialının artırılması, ticarət əlaqələrinin başlanması, qarşılıqlı asılılıq yaradaraq siyasi sabitliyin möhkəmləndirilməsi, enerji təhlükəsizliyi faktorunun gücləndirilməsi, Azərbaycanın Avropa üçün strateji tərəfdaş kimi mövqeyi xüsusi diqqət çəkir”.

“Zirvə toplantısı ümumilikdə Avropa təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı bir dövrdə keçirilib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bəzi Qərb institutlarının rəsmi Bakıya qarşı aqressiv ikilistandartlar və qərəz nümayiş etdirməsinə baxmayaraq, Azərbaycan özünü Avropa siyasi platformalarının aktiv iştirakçısı kimi görür: “Prezident İlham Əliyevin çıxışının videobağlantı formatında olması da ayrıca siyasi mesaj kimi qiymətləndirilə bilər. Bununla Prezident İlham Əliyev sülhə, əməkdaşlığa və dialoqa açıq olma siqnalı verir, diplomatik balansın qorunduğunu nümayiş etdirir. Eyni zamanda, Prezident İlham Əliyevin çıxışı Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş, regionda iqtisadi əməkdaşlıq təşəbbüsləri və Avropanın enerji və təhlükəsizlik maraqları ilə uyğunluq kontekstində beynəlxalq media və müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

Bir sözlə, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı Azərbaycanın müasir xarici siyasət kursunun əsas konturlarını aydın şəkildə ortaya qoyur. Bu çıxış post-münaqişə dövründə sülh gündəliyinin prioritetliyini, regional əməkdaşlıq vasitəsilə iqtisadi inteqrasiyanın dərinləşdirilməsini, Avropa ilə münasibətlərdə strateji tərəfdaşlıq modelinin möhkəmləndirilməsini nümayiş etdirir. Ümumilikdə, çıxış Azərbaycanın Cənubi Qafqazda sabitliyin təmin olunmasında aparıcı rol oynamaq iddiasını və bu istiqamətdə praktik addımlarını təsdiqləyən mühüm siyasi bəyanat kimi qiymətləndirilir”.

Oxşar Xəbərlər

Back to top button