10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir
10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi.
Üçtərəfli Bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsidir. Bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinib. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.Bugünümüzün Zəfər sevincini yaşayarkən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan fikirləri yada salmamaq mümkün deyil: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Eyni zamanda, qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb.
Tarixi Zəfər nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri daha da güclənib, bu istiqamətdə uğurları daha da artmaqdadır. Bütövlükdə, şanlı Zəfər müstəqil dövlətimizin gələcək nailiyyətlərinin başlıca əsaslarından biridir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı