AnalitikaDünyaGündəmSiyasət

Mədəniyyətlərarası Dialoqda Azərbaycan Təcrübəsi: Bakı Prosesinin Qlobal İrsə Çevrilməsi

Dünyada qütbləşmənin, sivilizasiyalararası ziddiyyətlərin və münaqişələrin artdığı bir dövrdə Azərbaycan növbəti dəfə qlobal dialoq və əməkdaşlıq platformasının mərkəzinə çevrildi. Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın beynəlxalq aləmdəki strateji rolunu və qlobal təşəbbüslərini növbəti dəfə nümayiş etdirdi.

Prezident İlham Əliyevin çıxışında əsas diqqət çəkən məqamlardan biri 2008-ci ildə başlanan “Bakı Prosesi”nin keçdiyi inkişaf yolu oldu. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının nazirlərini bir araya gətirməklə əsası qoyulan bu təşəbbüs zaman keçdikcə BMT, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı kimi nüfuzlu qlobal qurumların dəstəklədiyi unikal beynəlxalq platformaya çevrilmişdir.

Çıxışda vurğulandığı kimi, “Bakı Prosesi” sadəcə formal müzakirələr məkanı deyil, müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı etimadın yaradılmasına xidmət edən praktiki mexanizmdir. Qərb və Şərq, Şimal və Cənub dəyərlərinin qovuşduğu Azərbaycan bu ideyanı institusional səviyyəyə qaldırmağa nail olmuşdur.

Azərbaycanın coğrafi yerləşməsi tarixən ona sivilizasiyalararası körpü rolu bəxş etsə də, dövlət başçısının çıxışında bu imkanın mühüm siyasi kapitala çevrildiyi aydın görünür. Ölkəmizdə əsrlər boyu müxtəlif etnik və dini qrupların dinc, yanaşı yaşaması bu gün Azərbaycanın təqdim etdiyi multikulturalizm modelinin əsasını təşkil edir.

Prezident İlham Əliyev öz çıxışında multikulturalizmin Azərbaycan üçün sadəcə dövlət siyasəti deyil, həm də həyat tərzi olduğunu bildirdi. Bu yanaşma, xüsusilə etnik və dini ksenofobiyanın yüksəldiyi muasir dünyada alternativ və dayanıqlı bir model kimi böyük əhəmiyyət kəsb edir.

Çıxışda Azərbaycanın beynəlxalq arenada bitərəf, ədalətli və birşləşdirici mövqeyi xüsusi qeyd olundu. Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə inklüzivliyi və peşəkarlığı ilə fərqlənən Bakı, forum çərçivəsində də qlobal problemlərin həllində dialoqu yeganə effektiv vasitə kimi irəli sürür.

Eyni zamanda, post-münaqişə dövründə regionda sülhün və sabitliyin bərqərar olunması istiqamətində Azərbaycanın atdığı addımlar, dağıdılmış mədəni-dini irsin bərpası və dayanıqlı inkişaf layihələri forumun ana xəttini təşkil edən mövzulardandır.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham Əliyevin proqramşəkilli çıxışı bir daha göstərdi ki, Azərbaycan beynəlxalq arenada yalnız neft-qaz resursları və geopolitik mövqeyi ilə deyil, həm də humanitar diplomatiyası və sivilizasiyalararası dialoqa verdiyi töhfələrlə aparıcı aktora çevrilmişdir. “Bakı Prosesi” bu gün sülh, dözümlülük və birgəyaşayış dəyərlərinin təbliğində qlobal brend kimi öz yerini möhkəmləndirməkdədir.

Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr 

Oxşar Xəbərlər

Back to top button