AnalitikaGündəmSiyasət

Azərbaycan və Mərkəzi Asiya arasında strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 oktyabr 2026-cı il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı ölkəmizin regional əməkdaşlıq sistemində artan rolunu, qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq siyasətini və uzunmüddətli inkişaf hədəflərini əks etdirən mühüm siyasi məzmun daşıyır.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi yalnız ikitərəfli əlaqələrin inkişafı ilə məhdudlaşmır. Regional təhlükəsizlik, iqtisadi dayanıqlılıq, nəqliyyat əlaqələrinin şaxələndirilməsi və ortaq maraqların uzlaşdırılması dövlətlərin birgə fəaliyyətini zəruri edən əsas amillərdəndir. Bu baxımdan Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsi Avrasiya məkanında əməkdaşlıq imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulmasının əhəmiyyətini vurğulayıb. 2025-ci ilin noyabrında qəbul edilmiş bu qərar ölkəmizin regional əməkdaşlıq proseslərinə daha fəal şəkildə töhfə verməsi üçün yeni imkanlar yaradıb. Azərbaycanın bu platformada iştirakı tarixi, mədəni və iqtisadi əlaqələrin siyasi dialoqla möhkəmləndirilməsinə, ortaq təşəbbüslərin əlaqələndirilməsinə və qarşılıqlı fayda əsasında yeni layihələrin həyata keçirilməsinə şərait yaradır.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri dostluq, qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsipləri üzərində qurulub. Dövlət başçısının diqqətə çatdırdığı kimi, son illərdə siyasi təmasların intensivləşməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin artması, ticarət dövriyyəsinin genişlənməsi və investisiya əlaqələrinin güclənməsi bu münasibətlərin dinamik inkişafını təsdiqləyir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması iqtisadi əməkdaşlığın real nəticələrini nümayiş etdirən mühüm göstəricidir.

Prezident İlham Əliyevin çıxışında birgə investisiyaların təşviqi və sənaye kooperasiyasının inkişafı da xüsusi yer tutub. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış birgə investisiya fondları mövcud iqtisadi potensialın daha səmərəli istifadəsi üçün əlverişli mexanizmlərdir. Bu fondların imkanlarından məqsədyönlü istifadə yeni istehsal müəssisələrinin yaradılmasına, sənaye sahələri üzrə əməkdaşlığın dərinləşməsinə və regional məhsulların beynəlxalq bazarlara çıxarılmasına xidmət edə bilər. Belə yanaşma ticarət əlaqələrini daha geniş iqtisadi tərəfdaşlıq modelinə çevirir.

Azərbaycanın coğrafi mövqeyi də regional əməkdaşlığın inkişafında mühüm üstünlükdür. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz və daha geniş beynəlxalq bazarlarla birləşdirən nəqliyyat əlaqələri ölkəmizin tranzit əhəmiyyətini artırır. Dəniz limanlarının, hava limanlarının, dəmir yollarının və avtomobil yollarının inkişafına yönəlmiş investisiyalar yükdaşımaların həcminin artırılmasına və marşrutların rəqabət qabiliyyətinin yüksəldilməsinə imkan verir. Orta Dəhlizin əhəmiyyətinin artması isə Azərbaycanı qitələrarası iqtisadi əlaqələrin mühüm iştirakçılarından birinə çevirir.

Çıxışda enerji əməkdaşlığı və yaşıl enerji istiqamətində görülən işlər də diqqətə çatdırılıb. Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan ərazisi vasitəsilə dünya bazarlarına çatdırılması, eləcə də Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması üzrə fəaliyyət regionun enerji əlaqələrinin şaxələndirilməsinə xidmət edir. Bu əməkdaşlıq ənənəvi enerji resurslarının nəqlindən əlavə, bərpaolunan enerji sahəsində yeni imkanların formalaşdırılmasına da şərait yaradır.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin dərinləşməsi regionda sabitliyin, qarşılıqlı anlaşmanın və iqtisadi inkişafın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin Türkmənbaşı görüşündə səsləndirdiyi fikirlər göstərir ki, ölkəmiz regional əməkdaşlığa yalnız mövcud əlaqələrin genişləndirilməsi kimi deyil, həm də gələcək nəsillər üçün davamlı inkişaf imkanları yaradan strateji istiqamət kimi yanaşır. Azərbaycanın 2027-ci ildə bu məşvərət formatına sədrlik edəcək olması isə birgə fəaliyyətin daha da intensivləşdirilməsi üçün yeni perspektivlər açır.

Ariz Məmmədov,
YAP Xətai rayon təşkilatı fəalı 

Oxşar Xəbərlər

Back to top button