
Mayın 7-də Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: tarixi dəyərlər əsasında gələcəyə baxış” mövzusunda tədbir keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, bu gün müstəqil Azərbaycanın qazandığı çoxsaylı nailiyyətlərin və möhtəşəm qələbələrin qürurunu yaşamaqla müdrik dövlət xadimi Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini sonsuz minnətdarlıqla xatırlayırıq: “Ulu Öndər siyasi və ideoloji nöqteyi-nəzərdən bir-birindən fərqli iki dövrdə – istər SSRİ dönəmində, istərsə də dövlət müstəqilliyinin bərpasından sonra respublikamıza uğurla rəhbərlik edərək dövlətimiz üçün taleyüklü məsələlərin həllinə nail olmaqla millətimizin parlaq gələcəyini təmin etmişdir. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan olduqca mürəkkəb sınaqlardan keçmişdir. Onun güclü siyasi iradəsi, sarsılmaz qətiyyəti və dərin strateji baxışı sayəsində ölkəmiz xaosdan və parçalanma təhlükəsindən xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoymuşdur. Ulu Öndər qeyd edirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün qanunun aliliyi, ictimai-siyasi institutların səmərəli fəaliyyəti təmin edilmiş, azərbaycançılıq ideologiyasına əsaslanan mütərəqqi siyasətlə cəmiyyətin bütün təbəqələri vahid amal ətrafında birləşdirilərək milli həmrəylik gücləndirilmişdir. Dövrün çağırışlarına uyğun həyata keçirilən balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi layiqli yer tutmasına, milli maraqlarını, o cümlədən işğala məruz qalmış bir dövlət kimi haqlı mövqeyini qətiyyətlə müdafiə etməsinə imkan yaratmışdır. Müasir dövlətçilik tariximizin ən qürurverici məqamı – Azərbaycanın şanlı Zəfər zirvəsinə yüksəlməsi də Ulu Öndərimizin tükənməz siyasi irsi ilə bağlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan amildir”.
Tahir Budaqov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti ölkəmizin keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəlməsini şərtləndirmişdir: “Qlobal proseslərə geniş təsir imkanına malik regional güc mərkəzinə çevrilən Azərbaycan öz ərazi bütövlüyü və mütləq suverenliyini təmin etdikdən sonra Cənubi Qafqazda faktiki sülh şəraitində qarşılıqlı etimad mühiti yaratmışdır. Hazırda işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri aparılır və Böyük Qayıdış uğurla davam etdirilir ki, bu da Azərbaycanın iqtisadi gücünü, siyasi iradəsini və gələcəyə inamını aydın şəkildə nümayiş etdirir. Bu gün qalib Azərbaycan xalqının iradəsini ifadə edən Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi Heydər Əliyev ideyalarına sadiq qalaraq öz fəaliyyətini dövrün çağırışlarına uyğun qurmaqla strateji hədəflərin gerçəkləşməsinə mühüm töhfələr verir”.
YAP Sədrinin müavini bildirib ki, milli məqsədlərini ardıcıl şəkildə həyata keçirən müstəqil dövlətimiz möhkəm təməl üzərində gələcəyə doğru inamla irəliləyir: “Belə bir tarixi mərhələdə Heydər Əliyev irsini, Ulu Öndərin müəyyən etdiyi ideoloji xətti yaşatmaq, dövlətçiliyimizi daha da möhkəmləndirmək və Prezident İlham Əliyevin qarşımıza qoyduğu bütün vəzifələri yerinə yetirmək üçün hər birimiz milli maraqları daim qorumalı, dövlətə sədaqətlə xidmət etməliyik. Heydər Əliyev ideyaları yaşadıqca müstəqil Azərbaycan daha da güclənəcək və yeni uğurlara imza atacaqdır”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi Ceyran Mahmudova çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yalnız qüdrətli dövlət xadimi, uzaqgörən siyasətçi kimi deyil, həm də milli-mənəvi dəyərlərimizin qoruyucusu, mədəniyyətimizin və incəsənətimizin əsl hamisi kimi əbədi yaşayır: “Onun adı çəkiləndə göz önündə təkcə siyasi uğurlar deyil, eyni zamanda, zəngin mədəni mühit, inkişaf edən incəsənət, qorunan milli kimlik canlanır. Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində mədəniyyətə xüsusi diqqət yetirib. O, hələ Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə milli mədəniyyətin inkişafı üçün böyük işlər görüb. Onun sonsuz qayğısı və diqqəti nəticəsində teatrlarımızın fəaliyyəti genişlənib, muzeylər zənginləşdirilib, kitabxanalar yenilənib. O dövrdə Azərbaycan incəsənəti təkcə ittifaq daxilində deyil, beynəlxalq səviyyədə də öz sözünü deməyə başlamışdı”.
Rektor əlavə edib ki, Ulu Öndər Heydər Əliyev sənət adamlarını sadəcə yaradıcı insanlar kimi deyil, xalqın mənəvi sərvəti kimi dəyərləndirir, incəsənət xadimlərinə böyük ehtiram göstərir, onların yaradıcılığını yüksək qiymətləndirirdi: “Bəstəkarlar, yazıçılar, aktyorlar, rejissorlar, rəssamlar, bir sözlə, bütün yaradıcı insanlar Onun diqqət və qayğısını hiss edirdi”.
Ceyran Mahmudova qeyd edib ki, müstəqillik illərində Heydər Əliyevin mədəniyyət sahəsində gördüyü işlər müstəsna əhəmiyyət kəsb edir: “Bu dövrdə tarixi abidələrin qorunması, milli irsin bərpası, folklorun, musiqinin, ədəbiyyatın inkişafı istiqamətində mühüm addımlar atıldı. Azərbaycan mədəniyyəti yeni bir mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi bu strateji xətt uğurla davam etdirilir. Prezident İlham Əliyev mədəniyyət və incəsənət sahəsini daim diqqətdə saxlayır”.
Onun sözlərinə görə, Azərbaycanın müasir tarixində mühüm və şərəfli yer tutan 44 günlük Vətən müharibəsi dövlətimizin qüdrətini, xalqımızın sarsılmaz birliyini və Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin uğurla davam etdirildiyini bir daha bütün dünyaya nümayiş etdirdi. “Qarabağda mədəni həyatın dirçəldilməsi istiqamətində mühüm addımlar atılır, Şuşa və digər şəhərlərimizdə beynəlxalq musiqi festivalları, mədəniyyət günləri, incəsənət tədbirləri təşkil olunur, Azərbaycan mədəniyyətinin zənginliyi artıq öz doğma məkanında yenidən səslənir”, -deyən Ceyran Mahmudova əlavə edib ki, bu gün gənc nəslin inkişafı da dövlət siyasətinin prioritet məsələləri sırasındadır.
Rektor bildirib ki, gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq imkanlarının genişləndirilməsi daim dövlətin diqqət mərkəzindədir: “Bu kontekstdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Universitetimiz uzun illərdir ki, ölkəmizin mədəni həyatına töhfə verən peşəkar kadrlar yetişdirir. Çalışırıq ki, tələbələrimiz yalnız peşəkar sənətkar deyil, eyni zamanda, milli dəyərlərə bağlı vətəndaşlar kimi yetişsinlər. Çünki incəsənət həm də bir missiyadır. Bu missiya xalqın ruhunu yaşatmaq, onun tarixini, mədəniyyətini gələcəyə daşımaqdır”.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib ki, Azərbaycan dövlətinin söykəndiyi ideoloji və dövlətçilik prinsiplərinin əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun olaraq yenilənmiş həmin prinsiplər Yeni Azərbaycan Partiyasının proqramında öz əksini tapıb. Bunlar Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafıdır. Bu prinsiplərin hər biri Heydər Əliyevin siyasi irsinin əsasını təşkil edən ideoloji məsələlərdir”.
Mübariz Qurbanlı qeyd edib ki, müasir Azərbaycan dövlətinin formalaşması, möhkəmlənməsi və inkişafı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji-siyasi kursun uğurla həyata keçirilməsinin nəticəsidir: “Odur ki, Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti Azərbaycanın bugünü və gələcəyi üçün mükəmməl siyasi irs kimi özünü göstərir. Bu siyasi irs Azərbaycan xalqının müstəqilliyi, güclü dövlətçilik, iqtisadi inkişaf, sosial rifah və xalqımızın milli birliyi kimi fundamental istiqamətləri əhatə edir”.
Heydər Əliyevin siyasi irsinin Azərbaycanın inkişaf modelinin əsasını təşkil edən kompleks bir sistem olduğunu deyən YAP İdarə Heyətinin üzvü əlavə edib ki, bu, sabitlik, milli ideologiya, iqtisadi strategiya və institusional quruculuğun vəhdəti üzərində qurulub: “Bu strateji kurs Azərbaycanın uzunmüddətli inkişaf modelinin əsasını təşkil edir. Regionda və dünyada söz sahibi olan güclü və qalib Azərbaycan dövləti Heydər Əliyev irsinin və bu irsi layiqincə davam etdirən, dövrün çağırışlarına uyğun zənginləşdirən Prezident İlham Əliyev siyasi kursunun təntənəsidir” , – deyə M.Qurbanlı vurğulayıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi: “Onun adı yalnız siyasi iradə ilə deyil, həm də dövlətçilik təfəkkürü, milli ruh, strateji zəka və sabaha olan inamla bağlıdır. Ulu Öndərin dövlətçilik fəlsəfəsi təkcə idarəetmə modeli deyil, həm də azərbaycançılıq ideologiyasına söykənən strateji xəttdir. Məhz bu fəlsəfə sayəsində Azərbaycan müstəqilliyini qorudu, dövlətçiliyini möhkəmləndirdi və gələcəyə inamla addımladı”.
Hicran Hüseynova qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin tarixi missiyası ölkəmizin müstəqilliyini bərpa etməsi və sonrakı dövrdə özünü daha qabarıq şəkildə göstərib: “Onun üçün hər şeydən əziz xalqı, Vətəni və torpağı idi. Dəfələrlə özü, ailəsi təhlükəyə məruz qalsa da, bu inam və sevgidən bir an belə çəkinmədi. O, 20 Yanvar faciəsindən sonra dərhal sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti pislədi, Kommunist Partiyasını tərk etdi və Azərbaycan xalqı onun simasında yenidən öz liderini gördü. Onun Naxçıvan Muxtar Respublikasında fəaliyyəti isə xüsusi ilə diqqətəlayiq idi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınması tarixi hadisə idi. Milli dövlətçiliyin mürəkkəb böhranı fonunda 1992-ci ilin noyabr ayında yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcək demokratik və suveren inkişafı uğrunda mübarizənin flaqmanına çevrildi”.
Ümummilli Liderin ailə dəyərlərinə olan münasibətindən bəhs edən Milli Məclisin komitə sədri Heydər Əliyevin “Ailə dəyərləri xalqımız üçün həmişə doğma olub, çox əziz olub və deyə bilərəm ki, ailə dəyərləri bizim milli dəyərlərimizdir” fikrini xatırladıb: “Fəxrlə demək olar ki, biz Heydər Əliyev irsinin Zəfər mərhələsini yaşayırıq. Prezident, Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyev və respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Azərbaycan müstəqil dövlət olaraq daha da güclənib, dünya miqyasında söz sahibi olan ölkəyə çevrilib. Qarabağ Zəfəri, Böyük Qayıdış, regionun lider dövləti kimi irəli sürülən qlobal təşəbbüslər bir daha göstərir ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi bu gün yeni mərhələyə qədəm qoyub. Bu, Zəfər mərhələsidir. Ulu Öndər Heydər Əliyev irsi Azərbaycan xalqı üçün dövlətçilik məktəbi, inkişaf modeli və sabitliyin rəmzidir. Onun mirası təkcə tarix deyil, həm də gələcəyə uzanan yol xəritəsidir” ,- deyə Hicran Hüseynova vurğulayıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş Ədalət Fərəcova orden təqdim edilib.
Göstərilən diqqətə və fəaliyyətinə verilən yüksək qiymətə görə dövlət başçısına təşəkkürünü bildirən Ədalət Fərəcov Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını, ölkəmizin tərəqqi və Zəfər zirvəsinə yüksələrək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı təqdim olunub.




