AnalitikaGündəmSiyasət

YAP – demokratik siyasi mədəniyyətin inkişafında yeni səhifə

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalilarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.Bilirik ki, Dövlət müstəqilliyinin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrından sonra Azərbaycan böyük fəlakətlə üzləşdi. Bir-birini sürətlə əvəzləyən müvəqqəti iqtidarların şəristəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanı nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdir.1992-ci ildə Xalq Cəhbəsi hakimiyyətə gəldi. AXC-Müsavat cütlüyünün hakimiyyəti özünün bədnam idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini, qürurlu millət kimi yaşamağa inamını öldürmüşdü. Meydanın boş olduğunu görən erməni təcavüzkarları işğalçılıq siyasətini daha da gücləndirmiş, respublikanın ayrı-ayrı bölgələrində qanunsuz silahlı birləşmələr cövlan etməyə başlamışdı. Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında idi.Həmin vaxtlarda Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən qonşu ölkələrlə olan münasibətləri korlanmış və respublika beynəlxalq aləmdə təklənmişdi. Məhz belə bir faciəli vəziyyətdə xalqı təlaşdan çıxarmaga,onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin —partiyanın yaranması zamanın tələbi idi.
Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müsteqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş ve 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdırarq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
YAP-ın tarixindən söhbət açarkən, partiyanın 2005-ci ilin mart ayında keçirilən 3-cü qurultayına da geniş şəkildə toxunmaq lazımdır. Məlum olduğu kimi, həmin qurultayda təşkilati məsələlərə baxıldı və Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini cənab İlham Əliyev partiyanın Sədri seçildi. Cənab İlham Əliyevin YAP-ın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son 17 il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir.
Bununla yanaşı, ölkənin artan imkanları hesabına insan kapitalının formalaşması, əhalinin sosial təminatının, xalqın rifahının daha da yüksəlməsinə yönəlmiş, Azərbaycan nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilmişdir. Bu zaman keçidində iqtisadiyyatın dinamik inkişafı, uzunömürlü tərəqqi, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsinə nail olunmuş, həyata keçirilən dövlət proqramları bütün bölgələrin hərtərəfli və tarazlı sosial-iqtisadi tərəqqisinə və qeyri-neft sektorunun inkişafına yol açmışdır. Prezident İlham Əliyevin milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin təmin edilməsinə əsaslanmışdır. İqtisadiyyatın aqrar sektorunda islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün güzəştlər və dövlət yardımı iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan vermişdir. Həmçinin, məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət edən uğurlu sosial dövlət modeli formalaşdırılmış, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına nail olunmuş, əməkhaqları, pensiya və təqaüdlər əsaslı şəkildə artırılmışdır.
Sözsüz ki, Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı nailiyyətlərə imza atan Yeni Azərbaycan Partiyası yeni mərhələdə – bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcəkdir. Çünki YAP, Ümummilli Liderimizin dediyi kimi, dünənin, bu günün və sabahın partiyasıdır. Dünən Azərbaycan xalqının, dövlətinin ictimai-siyasi məsuliyyətini öz üzərinə götürən Ümummilli Liderin ətrafında yaranmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP sabah da taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında öz sözünü deyəcək – ümumxalq partiyası olduğunu hər zaman təsdiqləyəcək!

Əliyev İzmir,
Xəzər rayonu, 322 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button