
YAP VIII Qurultayı Azərbaycanın müasir inkişafında milli iradə ilə siyasi liderlik arasındakı qarşılıqlı əlaqəni bir daha ön plana çıxarır. Tarix göstərir ki, mürəkkəb geosiyasi şəraitdə dövlətlərin uğuru yalnız iqtisadi və hərbi resurslardan deyil, həm də bu resursları vahid strateji məqsədə yönəldə bilən siyasi iradədən asılıdır. Azərbaycanın son illərdə əldə etdiyi nəticələr milli iradənin və ardıcıl dövlət siyasətinin bir-birini tamamladığını nümayiş etdirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas xüsusiyyətlərindən biri strateji məqsədlərin mərhələli şəkildə reallaşdırılmasıdır. Ərazi bütövlüyünün bərpası məsələsi uzun illər Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu məqsəd hərbi hazırlıq, iqtisadi güc, diplomatik fəaliyyət və beynəlxalq münasibətlərdə ardıcıl mövqe ilə müşayiət olunub. 2020-ci il Zəfəri və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası bu uzunmüddətli strategiyanın mühüm nəticələri oldu.
Milli iradənin siyasi gücə çevrilməsi üçün cəmiyyətin müxtəlif təbəqələrinin ümumi məqsəd ətrafında birləşməsi vacibdir. Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi birlik bunun parlaq nümunəsidir. “Dəmir yumruq” ətrafında formalaşan milli həmrəylik ölkənin siyasi və hərbi gücünü tamamladı. YAP VIII Qurultayı da bu həmrəyliyin qorunmasını və yeni inkişaf mərhələsində daha da möhkəmləndirilməsini siyasi vəzifələrdən biri kimi nəzərdən keçirir.
Liderlik amili yalnız qərar qəbul etmək bacarığı ilə məhdudlaşmır. Liderlik cəmiyyətin gələcəyə inamını gücləndirmək, mürəkkəb dövrlərdə düzgün istiqamət müəyyənləşdirmək və dövlətin milli maraqlarını ardıcıl şəkildə müdafiə etmək qabiliyyətidir. Prezident İlham Əliyevin fəaliyyətində iqtisadi inkişaf, hərbi quruculuq, diplomatiya, enerji siyasəti və regional əməkdaşlıq istiqamətləri vahid strateji yanaşma çərçivəsində birləşir.
YAP VIII Qurultayının əhəmiyyəti də milli iradənin siyasi təşkilatlanma ilə tamamlanmasında özünü göstərir. Partiyanın qarşısında duran vəzifə yalnız siyasi xətti müdafiə etmək deyil, həm də cəmiyyətin müxtəlif təbəqələrini yeni inkişaf məqsədləri ətrafında maarifləndirmək və səfərbər etməkdir. Güclü liderlik, milli birlik və institusional siyasi fəaliyyət birlikdə Azərbaycanın qarşıdakı mərhələdə daha böyük uğurlar əldə etməsi üçün mühüm zəmin yaradır.
Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı



