
Hər bir xalqın tarixində elə günlər var ki, həmin tarixlər yalnız təqvimdəki müəyyən bir günü deyil, milli yaddaşın, dövlətçilik iradəsinin və gələcəyə inamın mühüm rəmzini ifadə edir. Azərbaycan xalqı üçün 4 Oktyabr da məhz belə əlamətdar günlərdəndir. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm tarixi hadisə olmaqla yanaşı, Vətən müharibəsinin gedişində dönüş yaradan hadisələrdən biri kimi yadda qaldı. Cəbrayıl Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla yanaşı, xalqımızın yaddaşında işğalın ağır nəticələri, Vətən müharibəsində qazanılan Zəfər və Böyük Qayıdışın yeni mərhələsi ilə seçilir. İşğaldan əvvəl Cəbrayıl rayonunda təhsil, səhiyyə, mədəniyyət, sənaye və kənd təsərrüfatı sahələri geniş inkişaf etmişdi. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olurdu. Rayon zəngin təbii ehtiyatları ilə yanaşı, geniş sosial infrastruktura malik idi. İşğal nəticəsində bu potensialın böyük hissəsi məhv edildi, minlərlə Cəbrayıl sakini doğma yurdlarından didərgin düşərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur oldu.
Cəbrayılın tarixində 4 oktyabr artıq yalnız azadlığın tarixi deyil. Bu tarix həm də qayıdışın, yenidənqurmanın və gələcəyə baxışın rəmzidir. İşğal dövründə boşalmış şəhər və kəndlərdə həyatın yenidən canlanması Azərbaycanın dövlətçilik tarixinin yeni mərhələsinin mühüm göstəricisidir. Bu gün Cəbrayılın küçələrində dalğalanan Azərbaycan bayrağı 2020-ci ilin tarixi Zəfərinin simvolu olmaqla yanaşı, doğma torpaqların gələcək nəsillər üçün qorunmasının və inkişaf etdirilməsinin də rəmzidir. Cəbrayılın bərpası ilə Azərbaycan yalnız keçmişin yaralarını sağaltmır, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun gələcəyini müasir inkişaf prinsipləri əsasında qurur. 4 Oktyabr – Cəbrayıl şəhəri günü bu baxımdan həm qəhrəmanlıq tarixinin, həm dövlət suverenliyinin, həm də Böyük Qayıdışın simvoludur. Cəbrayılın işğaldan azad edilməsi ilə başlayan yeni tarix bu gün bərpa-quruculuq mərhələsi ilə davam edir. Doğma torpaqlarına qayıdan ailələrin səsi, yeni məktəblərdə eşidilən uşaq səsləri, salınan yaşayış məhəllələri, qurulan sənaye və enerji obyektləri Cəbrayılın həyatının yenidən dirçəldiyini göstərir. Cəbrayılın gələcəyi artıq işğal və məcburi köçkünlük anlayışları ilə deyil, quruculuq, inkişaf, qayıdış və dayanıqlı tərəqqi anlayışları ilə müəyyən olunur. 4 Oktyabr isə bu yeni tarixin yaddaşda əbədiləşən günlərindən biri kimi Azərbaycanın Zəfər salnaməsində öz layiqli yerini tutur.
Bu gün Cəbrayılın adı Azərbaycan xalqının yaddaşında həm faciə, həm də qələbə ilə bağlıdır. İşğal illərində rayonun sakinləri doğma torpaqlarından uzaqda yaşasalar da, Cəbrayıla qayıtmaq ümidlərini heç vaxt itirmədilər. Onların arzusu 2020-ci ildə Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində gerçəkləşdi. Cəbrayıl rayonunun azad olunması Azərbaycan tarixində mühüm hadisədir. Bu qələbə göstərdi ki, xalq öz torpaqlarına bağlılığını və milli iradəsini heç zaman itirmir. Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində işğal faktına son qoyulması ölkəmizin tarixində yeni mərhələ yaratdı. Bu gün Cəbrayıl azad, qurulan və yenidən dirçələn bir rayondur. Burada aparılan bərpa işləri gələcəyə olan inamı daha da artırır. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, insanların doğma torpaqlarına qayıtması Cəbrayılın yeni həyatının başlanğıcıdır.
Arzu Abdullayev,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı



