AnalitikaGündəmSiyasət

YAP VIII Qurultayı: milli birlikdən milli həmrəyliyə

YAP VIII Qurultayının mühüm siyasi mesajlarından biri Azərbaycanın gələcək inkişafında milli birliyin və həmrəyliyin rolunun daha da artırılmasıdır. Tarixi Zəfər Azərbaycan cəmiyyətinin vahid milli məqsəd ətrafında birləşməsinin gücünü bütün dünyaya nümayiş etdirdi. Lakin milli həmrəylik yalnız müharibə dövrünün amili kimi deyil, sülh və quruculuq mərhələsinin də əsas dayağı kimi qəbul edilməlidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə milli birlik dövlətçilik strategiyasının əsas elementlərindən biri kimi çıxış edir. Müxtəlif siyasi baxışlara, sosial mövqelərə və fərqli maraqlara malik vətəndaşların ümummilli məsələlərdə birləşməsi dövlətin daxili gücünü artırır. Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra bu birlik Azərbaycanın yeni inkişaf məqsədləri ətrafında davam etdirilməlidir.

Milli həmrəyliyin əsas şərtlərindən biri cəmiyyətin bütün təbəqələrinin dövlətin gələcəyində özünü iştirakçı hiss etməsidir. Sosial ədalət, bərabər imkanlar, regionların inkişafı, gənclərin fəallığı və vətəndaş təşəbbüslərinin dəstəklənməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. YAP-ın siyasi fəaliyyəti cəmiyyətin müxtəlif qrupları arasında dialoqun genişləndirilməsinə və ümumi dövlətçilik maraqlarının ön plana çıxarılmasına xidmət etməlidir.

Milli həmrəylik informasiya məkanında da qorunmalıdır. Müasir dövrdə müxtəlif manipulyativ məlumatlar, saxta xəbərlər və sosial şəbəkələrdə yayılan təxribat xarakterli çağırışlar cəmiyyətin informasiya təhlükəsizliyinə təsir göstərə bilər. Buna görə vətəndaşların düzgün informasiya ilə təmin olunması, media savadlılığının artırılması və milli maraqların müdafiəsi istiqamətində ardıcıl fəaliyyət vacibdir.

YAP VIII Qurultayı milli birlik anlayışının yeni mərhələdə daha geniş məzmun qazanmasını şərtləndirir. Artıq ümummilli həmrəyliyin əsas istiqamətləri Zəfərin nəticələrinin qorunması, Böyük Qayıdışın uğurla həyata keçirilməsi, iqtisadi inkişaf və Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin uğuru cəmiyyətin bu məqsədlər ətrafında həmrəyliyindən də asılıdır.

Firuzə Əmirova, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button