Analitika

Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasi kursun davamı

Ölkə başçısı cənab prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Dövlətimizin başçısının reallaşdırdığı inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil olub. Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə – Azərbaycan vətəndaşı dayanır. 2003-cü ildən etibarən Prezident İlham Əliyev məqsədyönlü fəaliyyəti ilə bir daha sübut edib ki, O, doğrudan da hər bir Azərbaycan vətəndaşının Prezidentidir. “Bizim dayağımız xalqdır”,- deyən dövlətimizin başçısının müdrik siyasətçi kimi gücü dövlətin, xalqın və hakimiyyətin maraqlarını bir araya gətirib, bir hədəfə yönəldə bilməsindədir. Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət nəticəsində 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib.2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyevin 15 il ərzində gördüyü işlərin xalqımız tərəfindən növbəti dəfə yüksək qiymətləndirilməsi və ona etimad göstərilməsi xalq-iqtidar birliyinin bariz nümunəsidir. Xalqın Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevi alternativsiz və uzaqgörən lider kimi qəbul etməsi onun uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsidir. Yürüdülən siyasətin başlıca məqsədi, atılan bütün addımlar müstəqil Azərbaycanın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və xalqımızın təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib. Aprelin 11-də milyonlarla Azərbaycan vətəndaşı yüksək fəallıq, sevgi və məhəbbətlə yenidən İlham Əliyevə səs verərək sonsuz inamlarını ifadə ediblər. Prezident postuna keçirilən sayca 8-ci rəsmi seçkidə hər bir azərbaycanlının inam və etimad ünvanı, güvənc və ümid yeri, layiqli rəhbəri, hamisi və mərhəmətli xeyirxahı kimi dövlətimizin başçısı  ürəkləri fəth edib. Azərbaycanı güclü, qüdrətli edən məhz bu inam, etimaddır. Uğur və nailiyyətlərin əsasında bir vacib məqam dayanır – Lider amili! Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev yenidən Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə – xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə yox deməyinin təzahürüdür. 2018-ci ildə keçirilmiş seçkilər bir daha sadə bir həqiqəti ortaya qoydu ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur.  Aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik”.Ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək modern Azərbaycan dövləti modeli formalaşıb. Siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edib. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir. Təsadüfi deyildir ki, dünyada iqtisadi və maliyyə böhranlarının, təhlükələrin və təlatümlərin hökm sürməsinə baxmayaraq ölkəmizin sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi tərəqqisi təmin edilib. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə regionun humanitar, siyasi, iqtisadi, mədəni, idman, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycanımız müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Azərbaycanın bugünkü reallıqlarına nəzər salarkən fəxrlə söyləyə bilərik ki, ölkəmiz sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində layiqli yerini tutub. Ən əsası, bütün bu uğurlar fonunda Azərbaycanın müstəqilliyi daha da möhkəmlənir, dövlətçiliyi sarsılmaz olur.Bununla belə,həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Azərbaycan dövləti beynəlxalq şəraitdən asılı olmayaraq yerləşdiyi bölgədə baş verən proseslərin gedişinə ciddi təsir göstərir.  Dünyanın aparıcı dövlətləri və nüfuzlu təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq münasibətlər məkanında layiqli yer tutan ölkəmizdə həyata keçirilən xarici siyasət və diplomatik uğurlar Azərbaycanın bütün nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaradıb. Konkret desək, Prezident İlham Əliyevin simasında müstəqil Azərbaycanımızın Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında, ATƏT, NATO, Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, Ümumdünya Səhiyyə Təşkilatında, digər mötəbər beynəlxalq qurumlarda tutduğu mövqe, qazandığı böyük nüfuz yalnız dünyanın ən inkişaf etmiş dövlətləri ilə müqayisə oluna bilər.Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvektorlu nəqletmə sisteminə üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və ölkəyə böyük gəlirlər gətirən Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilib, 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirib. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan 40 milyard dollara bərabər vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən həyata keçirilir. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də məhz  Azərbaycan çıxış edir. Bu cür qlobal layihələr ölkəmizin milli maraqlarına cavab verməklə bərabər, Azərbaycanın suverenlik səviyyəsini təsdiq edir. Müstəqil  dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Azərbaycan  Prezidenti İlham Əliyev bütün istiqamətlərdə konkret proqramlar əsasında işləyir. Bu isə müasir idarəçilik formasıdır. Sahibkarlığın inkişafından tutmuş, gənclərlə işə qədər bütün sahələrdə dəqiq hesablanmış, real, konkret dövlət proqramları hazırlanıb  və reallaşdırılıb.Qeyd olunan illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Hərbi quruculuq siyasəti Azərbaycan Prezidenti, Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mahiyyət və keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını təmin etməyə imkan yaradıb. Dünyanın ən peşəkar orduları ilə bir sırada dayanan Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, müasir texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu, vətənpərvərliyi torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması kimi müqəddəs vəzifələrin döyüş meydanında həllində mühüm rol oynayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprelində cəbhə xəttində rəşadətli Azərbaycan Ordusunun əks-hücumu və düşmənə vurduğu ağır zərbələr nəticəsində erməni silahlı birləşmələri ciddi itki verərək geri çəkiliblər. İgid əsgərlərimiz bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini ələ keçirib və üçrəngli bayrağımızı düşməndən azad edilmiş həmin ərazilərimizdə dalğalandırıblar. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərib. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunub.Xüsusi ilə vurğulamaq lazımdır ki, həyata keçirilən əhəmiyyətli islahatların, atılan taleyüklü addımların müsbət nəticələrini 2020-ci ilin 27 sentyabrından başlayaraq 44 günlük Vətən müharibəsində real şəraitdə gördük, şahidi olduq. Vətən müharibəsindəki möhtəşəm qələbəmiz illərdir davam edən Qarabağ münaqişəsinə son qoyub. Prezident İlham Əliyev beynəlxalq təzyiqləri layiqincə dəf edərək erməni faşizminə qarşı Vətən müharibəsində şanlı Ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik etməklə yanaşı, diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətində misilsiz tarixi nailiyyətlərə imza atıb. Müzəffər Ali Baş Komandan son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytarıb, tarixi ədaləti bərpa edib. “Qarabağ Azərbaycandır və nida” həqiqəti “dəmir yumruq” əməliyyatında Böyük Qələbəmizin, Zəfərimizin rəmzinə çevrilib.  Azərbaycan dövləti XXI əsrin müharibəsini aparmaqla beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsinin, uzun illər ərzində kağız üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail olub, 44 gün ərzində əks-hücum əməliyyatları ilə Ermənistanı diz çökdürüb, təcavüzkar ölkə tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf edib.Nəhayət,fəxarət hissilə bildiririk ki, müqəddəs bir vəzifəni – Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  II Qarabağ savaşında qazandığımız böyük Qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq bir tarixi hadisəyə çevrilib. Bu Zəfər bizi 30 ilə yaxın addım-addım yaxınlaşdığımız inamlı, ümidli bir sonluğa çatdırıb, əsrlərdən bizə miras qalmış qürurumuzu dirçəldib. Qarabağ Azərbaycandır!

Eyyub Əliyev,
Yap-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button