AnalitikaGündəmSiyasət

Azərbaycanın Konstitusiya quruluşunun tarixi: cümhuriyyətdən müstəqil dövlətə – ŞƏRH

Azərbaycan xalqının dövlətçilik tarixi çoxəsrlik keçmişə malikdir. Lakin müasir anlamda konstitusiya quruluşu ideyası XX əsrin əvvəllərində formalaşmağa başlamışdır. Konstitusiya quruluşunun tarixini izləmək həm dövlətçilik təcrübəmizin zənginliyini görməyə, həm də 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Konstitusiyasının tarixi əhəmiyyətini daha dərindən dərk etməyə imkan verir.
Konstitusiya quruluşu yolunda ilk mühüm mərhələ 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə bağlıdır. Şərqdə ilk demokratik respublika olan Cümhuriyyət qəbul etdiyi İstiqlal Bəyannaməsində xalq hakimiyyəti, vətəndaşların bərabərliyi, milli mənsubiyyətdən, dindən və cinsdən asılı olmayaraq bütün vətəndaşların siyasi hüquqlarının təmin edilməsi kimi mütərəqqi prinsipləri bəyan etdi. Cümhuriyyət dövründə qadınlara seçki hüququ verilməsi o dövrün bir çox Avropa dövlətlərini qabaqlayan addım idi. Təəssüf ki, Cümhuriyyətin cəmi 23 ay mövcud olması tam konstitusiyanın qəbul edilməsinə imkan vermədi, lakin onun demokratik ideyaları sonrakı nəsillər üçün mənəvi istinad nöqtəsinə çevrildi. Müstəqil Azərbaycanın Konstitusiyası Cümhuriyyətin dövlətçilik ənənələrinə varisliyi açıq şəkildə əks etdirir.
1920-ci ildə Cümhuriyyətin süqutundan sonra Azərbaycan Sovet İttifaqının tərkibində yeni siyasi reallıqla üzləşdi. Sovet dövründə Azərbaycan SSR-in bir neçə konstitusiyası qəbul olundu: 1921, 1925, 1937 və 1978-ci illərin konstitusiyaları. Bu sənədlər formal olaraq respublikanın suverenliyini bəyan etsə də, real hakimiyyət mərkəzdə cəmlənmişdi və konstitusiyalar əsasən ittifaq konstitusiyasının modelini təkrarlayırdı. Bununla belə, sovet dövrünün konstitusiya təcrübəsi də müəyyən mənada tarixi əhəmiyyət daşıyır. Məsələn, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin respublikanın dövlət dili kimi təsbit olunması Heydər Əliyevin prinsipial mövqeyi sayəsində mümkün olmuş, milli kimliyin qorunmasına mühüm töhfə vermişdir.
XX əsrin sonlarında Sovet İttifaqının dağılması ilə Azərbaycan dövlət müstəqilliyini bərpa etmək imkanı qazandı. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Bu Akt müstəqil dövlətçiliyin hüquqi əsasını qoydu və Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etdi. 1991-ci il dekabrın 29-da keçirilmiş referendumda xalq yekdilliklə müstəqilliyə səs verdi.
Lakin müstəqilliyin ilk illəri ağır böhranlarla müşayiət olundu. Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, daxili siyasi qarşıdurmalar və iqtisadi tənəzzül şəraitində yeni Konstitusiyanın hazırlanması təxirə salınırdı. Ölkədə hüquqi boşluq yaranmış, köhnə sovet qanunları ilə yeni reallıqlar arasında ziddiyyətlər dərinləşmişdi. Belə bir vəziyyətdə Konstitusiyanın qəbulu dövlətin yaşaması üçün həyati əhəmiyyət kəsb edirdi.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vəziyyət dəyişdi. Sabitliyin bərpasından sonra Ulu Öndərin rəhbərliyi ilə Konstitusiya layihəsi üzərində iş başladı. Hazırlanmış layihə geniş ictimai müzakirədən keçdi və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olundu. Konstitusiya həmin il noyabrın 27-də qüvvəyə mindi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir.
Konstitusiya beş bölmədən ibarətdir və ümumi müddəalardan başlayaraq əsas hüquq, azadlıq və vəzifələr, dövlət hakimiyyəti, Naxçıvan Muxtar Respublikası, yerli özünüidarəetmə, hüquq və qanun məsələlərini əhatə edir. Sənəddə Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyən olunur, dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğu təsbit edilir.
Konstitusiya donmuş sənəd deyil, zamanın tələblərinə uyğun olaraq təkmilləşir. Əsas Qanuna 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar vasitəsilə əlavə və dəyişikliklər edilmişdir. Diqqətəlayiq haldır ki, bütün bu dəyişikliklər xalqın iradəsi ilə – referendum yolu ilə həyata keçirilmişdir. Bu, konstitusiya quruluşunun demokratik mahiyyətini və xalq hakimiyyəti prinsipinə sadiqliyi göstərir.
Konstitusiyaya edilən hər bir dəyişiklik dövlətin və cəmiyyətin inkişafının yeni mərhələsini əks etdirmişdir. 2002-ci il dəyişiklikləri ilə vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət imkanı verilmiş, İnsan hüquqları üzrə müvəkkil institutu konstitusiya səviyyəsində təsbit olunmuşdur. 2009-cu il dəyişiklikləri sosial hüquqların, şəxsi həyatın toxunulmazlığının və informasiya təhlükəsizliyinin müdafiəsini gücləndirdi. 2016-cı il dəyişiklikləri isə insan ləyaqətinin qorunması, sosial dövlət prinsipi, idarəetmənin səmərəliliyi ilə bağlı yeni normalar gətirdi, vitse-prezident institutu yaradıldı. Bütün bu dəyişikliklər zamanın tələblərinə cavab verərək Əsas Qanunun canlı və inkişaf edən sənəd olduğunu sübut etdi.
Konstitusiya quruluşunun tarixi həm də dövlətçilik şüurunun tarixidir. Hər bir mərhələdə xalqımız azadlıq, ədalət və müstəqillik ideallarına sadiq qalmış, ən ağır şəraitdə belə milli kimliyini qoruyub saxlamışdır. Cümhuriyyət qurucularının arzuladığı müstəqil, demokratik və hüquqi dövlət ideyası məhz 1995-ci il Konstitusiyası ilə tam hüquqi formasını tapdı. Bu baxımdan Əsas Qanunumuz nəsillər arasında varislik körpüsü rolunu oynayır.
Beləliklə, Azərbaycanın konstitusiya quruluşu tarixi uzun və şərəfli bir yolun nəticəsidir. Cümhuriyyətin demokratik ideallarından, sovet dövrünün təcrübəsindən, müstəqilliyin bərpası dövrünün sınaqlarından keçərək formalaşan bu quruluş bu gün müstəqil, suveren və qüdrətli Azərbaycan dövlətinin möhkəm təməlini təşkil edir.

Günay Mehdiyeva,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button