
21 oktyabr 2026-cı il tarixində Keşlə Şəhidlər Xiyabanında Həsənli Alı Nofəl oğlunun və İbrahimov Rəfael Emin oğlunun məzarları ziyarət edilib.
Aktualinfo Media Qrup xəbər verir ki, anım mərasimində şəhidlərin ailə üzvləri və yaxınları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev, RİHBA-nın əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Qeyd edək ki, Alı Həsənli 20 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində, Rəfael İbrahimov isə 21 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşlar. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümlərindən sonra Alı Həsənli 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə, Rəfael İbrahimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər.




