Analitika

Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır

Milli-mənəvi və bəşəri dəyərlərin ən ali prinsiplərini ardıcıllıqla zənginləşdirən ümummilli liderimizin Azərbaycan xalqı qarşısında xidmətləri ölçüyəgəlməzdir. Onun iradəsi, qətiyyəti, zəngin idarəçilik təcrübəsi, Vətənin azadlığı və müstəqilliyi uğrunda apardığı gərgin mübarizə nəticəsində ölkədə ictimai-siyasi sabitlik, əmin-amanlıq bərqərar oldu, demokratik-hüquqi dövlət quruculuğunda sanballı nailiyyətlər qazanıldı.

Bütün Azərbaycan vətəndaşları yeni əsrin başlanğıcında belə bir həqiqəti tam dərk etmişlər ki, ölkəmizdə milli tərəqqinin 30 ildən artıq bir mərhələsi milli mənafeyi hər şeydən uca tutan zəmanəmizin böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlıdır. Təbiət Heydər Əliyevə müdriklik, aqillik, qətiyyət, əyilməzlik, yenilməzlik, mübarizlik, alicənablıq, nadir iş qabiliyyəti, natiqlik istedadı, özünün haqlı olduğuna əminlik, ətrafındakı adamların məziyyətlərini və imkanlarını müəyyənləşdirmək bacarığı, fenomenal və ensiklopedik yaddaş, universal bilik kimi keyfiyyətlər bəxş etmişdir. Heydər Əliyevin cəmiyyətin iqtisadi, siyasi, sosial, mədəni sahələrinin ən müxtəlif aspektlərini əhatə edən geniş diapazonlu və örnək olası fəaliyyəti, müasir dövrün ən aktual problemlərinə yaradıcı münasibəti onu milli liderdən, rəhbər və siyasi xadimdən bəşəri ideyaların carçısına, ümumbəşəri dəyərləri daim zənginləşdirən hikmət və söz sahibinə çevirmişdir. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu öndərin ölməz işıqlı obrazı yaşayır. Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, ümummilli lider, ulu öndər, müasir müstəqil Azərbaycanın qurucusu, xalqının sevimli övladı kimi qalmışdır və qalacaqdır.

Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. Ümummilli Lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq  abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. Ulu öndər Heydər Əliyevin tez-tez dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdır.

Rzayeva Səba,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button