AnalitikaDünyaGündəmSiyasət

İnvestisiya tərəfdaşlığının yeni üfüqləri: Azərbaycan–Özbəkistan iqtisadi əlaqələri genişlənir

Azərbaycan ilə Özbəkistan arasında siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi və ticari əlaqələrin də sürətlə inkişaf etməsinə möhkəm zəmin yaradıb. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və yeni biznes əlaqələrinin qurulması istiqamətində mühüm addımlar atılıb. Hər iki dövlətin iqtisadi potensialı və mövcud imkanları nəzərə alındıqda, Azərbaycan–Özbəkistan əməkdaşlığının qarşıdakı dövrdə daha geniş sahələri əhatə edəcəyi aydındır. İstehsal, kənd təsərrüfatı, sənaye, enerji, nəqliyyat, logistika və digər istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsi qarşılıqlı iqtisadi maraqların daha da möhkəmlənməsinə xidmət edir.

Bu prosesdə Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Belə bir institusional platformanın yaradılması iki ölkənin sahibkarları və investorları arasında birbaşa əlaqələrin genişləndirilməsi, perspektivli layihələrin müəyyənləşdirilməsi və onların maliyyələşdirilməsi baxımından yeni imkanlar yaradır. İnvestisiya Şirkəti qarşılıqlı sərmayələrin təşviqinə xidmət etməklə yanaşı, müxtəlif iqtisadi sahələrdə birgə müəssisələrin və layihələrin reallaşdırılmasına da təkan verir. Bunun nəticəsində dövlətlərarası siyasi münasibətlər konkret iqtisadi təşəbbüslərlə tamamlanır və əməkdaşlığın praktiki nəticələri daha aydın şəkildə görünür.

Azərbaycan və Özbəkistanın iqtisadi potensiallarının bir-birini tamamlaması investisiya əməkdaşlığının perspektivlərini daha da artırır. Özbəkistanın geniş daxili bazarı, sənaye və kənd təsərrüfatı imkanları, Azərbaycanın isə enerji, nəqliyyat, logistika və tranzit sahəsində formalaşdırdığı infrastruktur qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Eyni zamanda, Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat marşrutlarının inkişafı Özbəkistan məhsullarının yeni bazarlara çıxarılması baxımından mühüm imkanlar açır. Orta Dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsi də iki ölkənin iqtisadi əlaqələrinin regional və qlobal ticarət sistemlərinə daha sıx inteqrasiyasına şərait yarada bilər.

İqtisadi-ticari əlaqələrin sürətli inkişafı Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız siyasi və diplomatik müstəvidə deyil, real iqtisadi maraqlar əsasında da möhkəm dayaqlara malik olduğunu göstərir. Qarşılıqlı investisiyaların artması, birgə layihələrin genişlənməsi və sahibkarlıq subyektləri arasında əlaqələrin intensivləşməsi iki ölkənin iqtisadi əməkdaşlığını daha dayanıqlı və uzunmüddətli xarakterə gətirir. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin bu prosesdə fəal iştirakı isə yeni layihələrin reallaşdırılması və investisiya potensialının daha səmərəli şəkildə səfərbər olunması baxımından mühüm əhəmiyyət daşıyır. Mövcud siyasi etimad və qarşılıqlı iqtisadi maraqlar qorunduğu təqdirdə, Azərbaycan və Özbəkistan arasında ticari-iqtisadi tərəfdaşlığın gələcəkdə daha yüksək mərhələyə yüksəlməsi üçün geniş imkanlar mövcuddur.

Ələkbər Novruzov,
YAP Xəzər RT-ı gənc fəalı

Oxşar Xəbərlər

Back to top button