Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi
“Sirr deyil ki, Avrasiya geosiyasi məkanının aparıcı aktorlarından olan Azərbaycanın nailiyyətləri və uğurları çoxdur. Eyni zamanda, bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Lakin bu reallıqların fonunda müstəqilliyimizin ilk illərindəki vəziyyət də heç zaman unudulmamalıdır”.
Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, o zaman AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu: “AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Hətta iş o yerə çatmışdı ki, torpaqlar işğal olunduğu bir zamanda AXC-Müsavat hakimiyyəti Ermənistana yanacaq satırdı”.
“Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu gün artıq Ümummilli Lider çıxışlarında vəsiyyət etdiyi kimi bu gün Şuşaya da, Laçına da, Ağdama da, Füzuliyə də, Cəbrayıla da, Zəngilana da, Qubadlıya da, Kəlbəcərə də gedir, bayramlarımızı qeyd edə bilirik: “Heç şübhəsiz ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsinin məntiqi nəticəsi idi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi”.