Analitika

Şuşa bütün azərbaycanlıların qürur mənbəyi, Mədəniyyət paytaxtıdır

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” planı çərçivəsində məcburi köçkünlərin öz dədə-baba yurdlarına köçü sürətlənib. Hər ay onlarla köç karvanı Qarabağa yola salınır. Qarabağın incisi Şuşaya da ilk köç karvanı çatıb.

Vətən müharibəsindəki qələbəmiz fonunda dünyada artan nüfuzumuz, Prezident İlham Əliyevin qlobal nüfuzlu lider ampluasında olması gücümüzə güc qatır:

“Azərbaycan” sözü dövlət adında olandan bu günə qədər heç vaxt belə güclü və qətiyyətli olmayıb. Çox maraqlı bir dövrün müasirləriyik. Torpaqlarımızı itirdik, düşmən tapdağından necə uğurla azad etdiyimizin də şahidi olduq. Bu gün Azərbaycan sözün əsl mənasında öz milli maraqlarına söykənən siyasət yeritməklə dünyanı heyrətə salmaqdadır”.

“Maraqlısı da budur ki, insan kapitalı, maliyyə, güc, qətiyyət elə özümüzünküdür. Bütün bunlar indiki dövrdə dünyanın ən inkişaf edən dövlətinə sürətlə çevrilməkdə olduğumuzdan xəbər verir. Proses asanlıqla reallaşmır. Hər birinə güclü daxili və xarici siyasət, böyük iqtisadi potensial lazımdır.

“Böyük Qayıdış” prosesi də sürətlə davam etməkdədir. Füzulidə, Laçında və digər ərazilərdə ailələr mərhələli şəkildə evlərinə qayıtmaqdadırlar. Həmin ərazilərdə vacib infrastruktur layihələri icra olunur. İnsanların məşğulluq məsələsi də öz həllini tapır. “Böyük Qayıdış” digər işğaldan azad edilmiş şəhər və kəndlərimizə də şamil olunur. Qarabağın incisi sayılan Şuşaya ilk köç karvanı yola düşdü. İnsanlar burada öz gələcək həyatlarını layiqli şəkildə quracaqlar. “Böyük Qayıdış” konsepsiyası sürətlə davam edir. Qarşıdakı illərdə yüz minlərlə insanı öz evlərinə köçürməliyik”.

“Bütün dünyanın gözü qarşısında erməni vandalları tərəfindən yerlə yeksan edilmiş Qarabağ, Şərqi Zəngəzur bölgələri cənnətə çevrilməkdədir. Tayı-bərabəri olmayan ağıllı kənd, ağıllı şəhər konsepsiyası da icra olunur. Müasirlik və qədimliyin vəhdəti nəzərə alınmaqla ərazilərimizin gələcək turizm potensialı indidən diqqətdə saxlanılır. Hər sahədə böyük, gələcəyə hesablanmış işlər görülür”.

“Şuşa həm də türk dünyası, ümumiyyətlə, islam dünyası üçün əziz şəhər, mədəniyyət ocağıdır. Prezident İlham Əliyev 10 may tarixində ulu öndər Heydər Əliyevin 101-ci doğum günündə şuşalılarla yanaşı bütün xalqımıza tarixi bir gün yaşatdı. 32 ildən sonra şuşalılar öz doğma yurd yerinə – Şuşa şəhərinə döndülər. Prezident İlham Əliyev Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşdü və Şuşanın azad edilməsində Azərbaycanın əsgər və zabitlərinin göstərdiyi igidlikdən, 32 il əvvəl Şuşanın işğal səbəbi barədə çıxış etdi.

Şuşanı işğaldan azad edən əsgərlərimiz dünya hərb tarixinə yazılan böyük igidlik göstərmişdilər. Ümumiyyətlə, Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzurun azad edilməsində şücaət göstərdi, düşmən azərbaycanlıların sarsılmaz ruhunu, əzəmətini gördü”.

“Yeni yaşayış kompleksləri salınır, infrastruktur yenidən qurulur, ermənilərin dağıtdıqları, təhqir etdikləri məscidlərimizin bir hissəsi öz əvvəlki görünüşlərini saxlamaqla yenidən inşa edilir, qalan məscidlərimiz də təmir etdirilir. Buraya qayıdan sakinlərin məşğulluq məsələsi də öz həllini tapır. Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl məkanına çevrilir. Bu, Azərbaycanın iqtisadi cəhətdən güclü dövlət olmasının nümunəsidir. Azərbaycan bu inkişaf, tərəqqi yoluna Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qədəm qoydu. Bu gün isə o inkişaf, tərəqqi Qarabağda davam edir”.

Murad Zeynalov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button