Sonuncu parlament seçkilərinin siyasi sistemin möhkəmləndirilməsində və siyasi münasibətlərin sağlam zəmində gücləndirilməsində böyük əhəmiyyəti oldu
“2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Məhz, demokratik və siyasi islahatların daha da dərinləşdirilməsi məqsədini daşıyan bu seçkilərlə əlaqədar Avropa İttifaqı da nəticələri tanıyan obyektiv bəyanat vermişdi. Bu da əlbəttə ki, səbəbsiz deyildi. Çünki bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etdilər və altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis oldu, müxalifət partiyalarının nümayəndələri parlamentin və onun komitələrinin rəhbərliyində təmsil olundular. Bu faktın da Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsində, siyasi münasibətlərin sağlam zəmində gücləndirilməsində böyük əhəmiyyəti oldu”.
Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu var: “Hələ iki il öncə altıncı çağırış Milli Məclisin birinci iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdi ki, dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Eyni zamanda, dövlət başçısı siyasi sistemin daha da gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin vacibliyinə də diqqət çəkmişdi. Bu mənada, seçkilərdən ötən müddət ərzində qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atıldı, ən əsası isə “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edildi. Bu qanun həm formalaşan yeni siyasi konfiqurasiyanın tələblərinə uyğun oldu, həm də qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsini real hadisəyə çevirdi. Qanun Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulmasına, eləcə də çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektrinin formalaşmasına əsaslar yaratdı”.
“Bu gün ölkəmizdə reallaşdırılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını təmin edir, reformaların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşdirilir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycanda aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır: “Azərbaycanda Prezident İlham Əliyevin iradəsi ilə reallaşdırılan islahatların nəticəsi olaraq iqtidar-müxalifət ünsiyyəti, siyasi dialoq mühiti də formalaşıb. Xüsusilə hakimiyyət tərəfindən formalaşdırılan azad və demokratik ortamda siyasi partiyalar sərbəst şəkildə qanun yaradıcılığı prosesində iştirak edirlər. Heç şübhəsiz ki, bu, parlaq Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda siyasi sahədə formalaşmış ən böyük dəyərdir. Hətta partiyalar da qəbul edirlər ki, indiki şəraitdə siyasi dialoq həm də bir milli birlikdir, siyasi bütövlükdür”.