
Vətən torpaqlarının azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayır. Onların döyüş meydanında göstərdiyi şücaət məhz üçrəngli bayrağımızın daha uca zirvələrdə dalğalanması üçün idi. Şəhidlərimizin qanı ilə suvarılmış hər qarış torpaq bizim üçün müqəddəs ziyarətgaha çevrilmişdir.
Bayrağın nə qədər əziz və toxunulmaz olduğunu ən yaxşı dərk edənlər məhz torpaq uğrunda döyüşənlərdır. Əsgərimiz son nəfəsinə qədər bayrağını qoruyaraq onu düşmən tapdağından qurtarmışdır. Bu qəhrəmanlıq salnaməsi tariximizə qızıl hərflərlə yazılmışdır və heç vaxt unudulmayacaqdır.
Azad edilmiş torpaqlarda ucaldılan bayraq şəhidlərimizin ruhuna verilən ən böyük qiymətdir. Həmin anlarda yaşanan göz yaşları və qürur hissi xalqımızın birliyinin və gücünün nümayişi idi. Şəhidlərimizin qanı yerdə qalmamış, haqq və ədalət öz yerini tapmışdır.
Bu gün hər dəfə bayrağımıza baxanda orada şəhidlərimizin imzasını, onların mərdliyini görürük. Bayrağımız bizim üçün həm də qəhrəmanlıq və fədakarlıq abidəsidir. Onu qorumaq, uca tutmaq hər bir Azərbaycan vətəndaşının şəhidlər qarşısında mənəvi borcudur.
Sevinc Salayeva,
YAP Nizami rayon təşkilatının fəalı



