Analitika

Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. 1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoyduğu kimi, 9 May – Qələbə Gününə və müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibəti də birdəfəlik aradan qaldırıldı. Ümummilli lider Heydər Əliyev 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi. Ulu öndər hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Məhz Ümummilli liderin hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yoluna qədəm qoyması sayəsində müharibə veteranlarına mənzil, avtomobil verilməsi, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə günündə görkəmli sərkərdə, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır. Hələ 2005-ci ildə Heydər Əliyev Fondunda keçirilən Böyük Vətən müharibəsində Qələbənin 60 illik yubileyinə həsr olunmuş mərasimdə cənab Prezident İlham Əliyev demişdi: “İstəyirəm biləsiniz ki, mən veteranlara bundan sonra da böyük qayğı ilə yanaşacağam. Sizin böyük xidmətləriniz olubdur, böyük yol keçmisiniz. Azərbaycan üçün, dövlətimizin inkişafı üçün böyük töhfələr vermisiniz. Hər bir vətəndaş, hər bir insan, xüsusilə, vəzifəli şəxs sizə böyük diqqət və qayğı göstərməlidir. Mən tabeliyimdə olan bütün məmurlara da tapşırmışam ki, sizin problemlərinizlə məşğul olsunlar, lazımi işləri görsünlər ki, siz rahat yaşayasınız. Sizin buna haqqınız çatır. Siz Azərbaycan xalqının rifahı naminə fədakarcasına çalışmısınız”. Hər il Qələbə günü münasibətilə müharibə veteranlarına birdəfəlik maddi yardımlar verilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi ilə sərəncamlar imzalamışdır. Azərbaycan övladlarının İkinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Bu gün müharibə iştirakçısı olan insanlara göstərilən böyük diqqət və qayğı isə Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və ulu öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür. Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan Azərbaycan xalqının birliyi o cümlədən, gənclərimiz idi. Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Hamı  döyüşə getmək üçün könüllü yazılırdı.   Bu gün artıq yeni bir gələcəyin addım səsləri eşidilir. Azərbaycan gəncliyi öz missiyasını  davam etdirir. Azad edilmiş torpaqlarımızı qarlı-şaxtalı səngərlərdə göz bəbəyi kimi qoruyur. Bütün bunlar əminlik yaradır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın çiçəklənməsində, tarixi torpaqlarımızın dirçəldilməsində də  gənclərimiz  yaxından iştirak edəcəklər.

Bədiyyə Sadıqova,
YAP- ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button