AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Qədim Tarixdən Böyük Qayıdışa

26 avqust – Laçın şəhəri günü Azərbaycan tarixində əlamətdar bir gündür. Bu tarix Laçın şəhərinin 1923-cü ildən şəhər statusu almasının ildönümünü qeyd edir. Laçın şəhəri və rayonunun tarixi, strateji əhəmiyyəti, işğal dövrü, müharibə və bərpa prosesi ilə bağlı faktlar bu günün əhəmiyyətini daha da artırır. 1923-cü ildə Abdallar kəndi şəhər statusu alaraq Laçın adlandırıldı və Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi olaraq təşkil olundu. Şimalda Kəlbəcər, cənubda Qubadlı, şərqdə Xocalı, Şuşa və Xocavənd rayonları ilə, qərbdə isə Ermənistanla həmsərhəd olan Laçın rayonu 1835 kvadrat kilometr sahəni əhatə edir. Rayon zəngin meşə massivlərinə, yaylaq sahələrinə malikdir.

1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Laçın rayonu ciddi zərər gördü. Əhali etnik təmizləməyə məruz qaldı, 300-dən çox insan həlak oldu və itkin düşdü. İşğal nəticəsində mədəniyyət, təhsil, səhiyyə və digər infrastrukturlar talan edildi. Tarixi abidələrə və mədəni irsə də ciddi ziyan dəydi. Laçının işğalı, Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaradan bir addım idi və Azərbaycanın strateji itkilərinin başlanğıcı oldu. AXC-Müsavat cütlüyünün hakimiyyəti ələ keçirmək məqsədilə apardığı siyasət, Laçının işğalına da səbəb oldu. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı isə bu prosesin davamı idi. 2020-ci ilin 1 dekabrında imzalanmış üçtərəfli bəyanat əsasında Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin 26 avqustunda Laçın şəhəri, Zabux və Sus kəndləri azad olundu. Laçının azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçular “Laçının azad olunmasına görə” medal ilə təltif edildi.

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli  Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib(https://arxkom.gov.az/media/xeberler/lacin-seherinin-2040-ci-iledek-inkisafini-nezerde-tutan-bas-plani). Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcəkdir.

Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. Şəhərdəki yeni layihələr və infrastrukturlar, Laçının gələcəkdə bölgənin iqtisadi və sosial mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.

Laçın şəhəri günü, həmçinin müstəqil Azərbaycanın tarixi mübarizələrinin və qələbələrinin simvoludur. Bu münasibətlə keçirilən tədbirlər, Laçının strateji əhəmiyyətini, mədəni irsini və yenidən qurulma proseslərini diqqətə çatdırır. Laçın, artıq yeni dövrün simvolu olaraq Azərbaycanın müasir inkişafı ilə eyni səviyyədə bir gələcək vəd edir.

Vüsalə Rəsulova,
Xəzər rayonu, 149 №li tam orta məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button