AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Prezident İlham Əliyevin Qubadlıya səfərləri quruculuq mərhələsinə təkan verir

İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdəndir. Qubadlı şəhəri də bu prosesdə xüsusi yer tutur. Prezident İlham Əliyevin rayona etdiyi səfərlər ərazinin gələcək inkişafı, infrastrukturun yaradılması və sakinlərin doğma torpaqlara qayıdışının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

2021-ci il oktyabrın 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Həmin səfər çərçivəsində Xanlıq-Qubadlı avtomobil yolunun təməli qoyulub, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak edilib. Bu tədbirlər rayonun nəqliyyat, enerji və təhlükəsizlik infrastrukturunun inkişafına xidmət edib.

2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Həmin gün enerji təsərrüfatının inkişafı ilə bağlı layihələr də diqqət mərkəzində olub. Bu addımlar şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur.

2023-cü il mayın 4-də Qubadlıda ilk yaşayış məhəlləsinin, inzibati binanın və 600 şagird yerlik tam orta məktəbin təməlinin qoyulması quruculuq prosesinin yeni mərhələsini göstərib. Xınalıq, Mahruzlu və Zilanlı kəndlərində həyata keçirilməsi nəzərdə tutulan yaşayış layihələri də sakinlərin qayıdışı üçün mühüm zəmin yaradır.

Qubadlıya səfərlər zamanı verilən tapşırıqlar və təməli qoyulan obyektlər rayonun uzunmüddətli inkişafına hesablanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan işlər şəhərin və kəndlərin sosial-iqtisadi potensialının bərpasına yönəlib. Qubadlının yenidən qurulması dövlətin azad edilmiş ərazilərə göstərdiyi diqqətin və Böyük Qayıdış strategiyasının real ifadəsidir.

Mircavid Hüseynov,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 152” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button