
20 sentyabr 2023-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanın daxili məsələsi deyil, həm də bütün Cənubi Qafqazda uzunmüddətli sülh arxitekturasının yaradılması üçün həlledici dönüş nöqtəsidir. Uzun illər regionun inkişafına mane olan, böyük dövlətlərin manipulyasiya alətinə çevrilmiş separatizm ocağının İlham Əliyev tərəfindən söndürülməsi, bölgədəki geosiyasi mənzərəni Azərbaycanın iradəsinə uyğun şəkildə tamamilə yenidən formalaşdırdı.
Dövlət başçısı öz diplomatik məharəti ilə sübut etdi ki, sülhə nail olmağın yolu qanunsuz hərbi birləşmələrlə sonsuz danışıqlar aparmaqdan yox, onları zərərsizləşdirməkdən və hüququn aliliyini təmin etməkdən keçir. 20 sentyabr əməliyyatından dərhal sonra İlham Əliyevin sülh gündəliyini irəli sürməsi, erməni sakinlərinə reinteqrasiya çağırışları etməsi onun təkcə hərbçi deyil, eyni zamanda sülhpərvər və vizyoner bir siyasətçi olduğunu göstərdi.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda əməkdaşlığı, regional layihələri və dinc qonşuluğu diktə edən əsas güc mərkəzidir. Suverenliyimizin tam bərpası sülh müqaviləsinin imzalanması qarşısında duran süni əngəlləri də sıradan çıxardı. Artıq region dövlətləri və beynəlxalq güclər İlham Əliyevin müəyyən etdiyi yeni reallıqları qəbul edərək, addımlarını bu siyasi xəttə uyğunlaşdırmağa məcburdurlar.
Nəticə etibarilə, Dövlət Suverenliyi Günü yalnız hərbi təhdidlərin aradan qaldırıldığı tarix deyil, İlham Əliyevin regionda dayanıqlı inkişaf və təhlükəsizlik dövrünün əsasını qoyduğu gündür. Xalqımız əmindir ki, bu güclü liderin rəhbərliyi altında Azərbaycan beynəlxalq arenada öz nüfuzunu qoruyacaq və daim sülhün qarantı olaraq qalacaqdır.
Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini



