Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir

Azərbaycan sülh prosesinə sadiqdir – bu barədə fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
“Məhz, biz ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin 5 əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?!”, – Prezident qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub: “Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT TŞ-nın məlum qətnamələrinə, beynəlxalq hüquq normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətdilər. Və indi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq. Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq”.
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını qeyd edərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. Ölkə başçısı həmçinin Almaniyanın Kansleri Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb, bu zaman Fransadan fərqli olaraq Almaniyanın sülh prosesində neytrallıq nümayiş etdirdiyini qeyd edib.
Ulu Öndərin siyasi kursunun davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 24-26 avqust 2004-cü ildə Almaniya Prezidentinin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı siyasi əlaqələrin vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu və ya digər rəsmi səfərlər ölkələr arasında olan əlaqələrin möhkəmlənməsinə təsirini göstərib. Ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də “Şərq tərəfdaşlığı” Proqramında mühüm rol oynaması əlbəttə ki, Almaniyanın ölkəmizə marağının artmasında rol oynayıb. Həm Almaniya, həm də Avropa İttifaqı üçün tərəfdaş olan Azərbaycan Almaniyanın və Avropa İttifaqının enerji təchizatı üçün böyük potensiala malik olan ölkəyə çevrilib.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Ralf Horlemin Prezident İlham Əliyevin Münxen səfəri zamanı Almaniya Kansleri ilə keçirdiyi görüşlərinin təəssüratı altında olduqlarını bildirib. O, eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün bu gün Berlində keçirilməsindən məmnunluqlarını ifadə edib və ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini vurğulayıb.
İslam Bafadarov,
YAP-ın gənc fəalı