Müzəffər Ali Baş Komandan – tarixi Qələbənin memarı

Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri kimi yadda qalıb. Bu Qələbə uzun illər davam edən işğala son qoymaqla yanaşı, xalqımızın milli iradəsini, müstəqil dövlətçilik əzmini və tarixi ədalətə inamını bütün dünyaya nümayiş etdirdi. Zəfərin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti və strateji rəhbərliyi müstəsna əhəmiyyət daşıdı.
Dövlət başçısı hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın ərazi bütövlüyünün bərpasını əsas milli hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Bu məqsədlə ölkənin iqtisadi gücü artırıldı, beynəlxalq əlaqələri genişləndirildi, müdafiə sənayesi inkişaf etdirildi və Silahlı Qüvvələrin modernləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görüldü. Bütün bu proseslər təsadüfi deyil, uzunmüddətli dövlət strategiyasının tərkib hissəsi idi.
Vətən müharibəsi başlayanda Azərbaycan dövləti həm hərbi, həm də diplomatik müstəvidə qətiyyətli mövqe ortaya qoydu. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirərək işğal altındakı əraziləri azad etməyə başladı. Dövlət başçısının xalqa müraciətləri və beynəlxalq mediaya verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında mühüm rol oynadı.
44 gün ərzində əldə edilən hərbi uğurlar ölkəmizin illər boyu apardığı hazırlığın nəticəsi idi. Şuşanın azad olunması ilə nəticələnən əməliyyat isə Azərbaycan Ordusunun peşəkarlığını, əsgər və zabitlərimizin yüksək döyüş ruhunu nümayiş etdirdi. Noyabrın 8-də Prezident İlham Əliyevin Şuşanın azad edilməsi barədə xalqa müraciəti milli tariximizin unudulmaz anlarından birinə çevrildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri Zəfərin davamıdır. Azad edilmiş torpaqlarda yeni həyatın qurulması, keçmiş məcburi köçkünlərin qayıdışı və iqtisadi imkanların genişləndirilməsi tarixi Qələbənin nəticələrini daha da möhkəmləndirir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən Zəfər Azərbaycan dövlətçiliyinin gücünü təsdiqləyən əbədi tarixi hadisədir.
Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini



