Analitika

Müstəqil Azərbaycanın qazandığı bütün müvəffəqiyyətlər Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərinə nəzər saldıqda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib. Ümummilli liderimiz Azərbaycanı hələ sovetlər dönəmində geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevirən, kommunist ideologiyasının qadağalarına baxmayaraq, dövlətimizin müstəqillik sütunlarını hələ o zaman çox böyük uzaqgörənliklə formalaşdıran müdrik rəhbər olub”.

Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Ümummilli Liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq məfkurəsi Azərbaycanın müasir dünyada bir millət və bir dövlət kimi yerini müəyyən etdi, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. , Ulu Öndər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı hər bir həmvətənimizin ürəyindən xəbər verən milli vəhdət rəmzi kimi tarixə düşdü. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi idi. Onun bütün qərarları milli maraqlara və dövlətçilik ideyalarına söykənirdi:

“Ümummilli lider Heydər Əliyevin xalqımızın çağırışı ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması isə milli dövlətçiliyimizin çoxəsrlik tarixinə taleyüklü mühüm hadisə kimi daxil oldu. Bundan sonra ölkədə siyasi sabitlik təmin edildi – xaosun qarşısı məharətlə alındı. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistematik səciyyəli kompleks tədbirlərin görülməsi nəticəsində yeni cəmiyyət və  dövlət quruculuğu prosesinin başlanmasını mümkün edən strateji faktor oldu. Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Bu tarix, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir”.

Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşında müdrik siyasətçi, qətiyyətli iradəsi və əzmkarlığı ilə fərqlənən böyük şəxsiyyət olaraq, eyni zamanda həm də bütün dünyada görkəmli dövlət xadimi kimi tanınmışdır. Respublikanın rəhbəri olduğu dövrdə Ulu öndər təcrübəli dövlət xadimi kimi ölkəmizin ictimai həyatının bütün sahələrində öz bilik və bacarıqlarını xalqının yaşayış rifahının qaldırılmasına yönəltmişdir. Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nail olduğu hər bir uğur həm də Heydər Əliyev ideyalarının həyata keçirilməsindən qaynaqlanır. Heydər Əliyev yolunu ən layiqli şəkildə, qətiyyətlə və inamla davam etdirən, dünyanın nüfuzlu siyasi liderləri ilə bir cərgədə dayanan İlham Əliyevin rəhbərliyi altında keçilən inkişaf yolu Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə, bölgənin liderinə, dünyada isə söz sahibinə çevirib. Bu səbəbdən Ulu öndərimizin adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır.

Oxşar Xəbərlər

Back to top button