MDB Azərbaycan üçün çoxşaxəli və balanslaşdırılmış xarici siyasətin vacib istiqamətlərindən biri rolunu oynayır
“Azərbaycan üzv olduğu keçmiş sovet respublikalarının təmsil olunduğu MDB-nin ən fəal dövlətlərindəndir. Təşkilata üzv dövlətlər arasında bütün istiqamətlər üzrə sıx əməkdaşlıq mövcuddur. MDB Azərbaycan üçün çoxşaxəli və balanslaşdırılmış xarici siyasətin vacib istiqamətlərindən biri rolunu oynayır. Azərbaycan MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, ölkəmiz MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirir, bu təşkilatın üzv dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır”.
Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etmişdir. Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Prezident İlham Əliyevin oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirakı üçün Qırğızıstana səfəri də mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək.