AnalitikaDünyaGündəmSiyasət

Laçın: Tarixi Yaddaşdan Gələcəyin Ağıllı Şəhərinə

Tarixi kökləri 1923-cü ilə gedib çıxan və ötən əsrdə ağır sınaqlardan keçən Laçın rayonu bu gün intibah dövrünü yaşayır. 1992-ci ilin mayında baş verən işğal nəticəsində bölgənin zəngin maddi-mədəni irsi, o cümlədən 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdı. Lakin hərbi-siyasi Zəfərdən sonra bu torpaqlarda həyata keçirilən bərpa işləri tarixi ədaləti tam mənada bərqərar etdi.

Şəhərsalma sahəsində tətbiq edilən “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” ən yüksək standartları özündə ehtiva edir. Planlaşdırmada tətbiq olunan “15 dəqiqəlik şəhər” prinsipi sakinlərə gündəlik tələbat obyektlərinə və yaşayış məhəllələrinə rahat çatmaq imkanı qazandırır. Eyni zamanda, rayonda yaradılan “Hoçazfilm” studiyası bölgənin mədəni salnaməsini dünyaya çatdırmaqda mühüm rol oynayır.

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində Laçın Aqro-Sənaye Parkında yaradılan mebel fabriki, tikiş və ayaqqabı müəssisələri yerli əhalinin məşğulluğunu təmin edir. Prefabrik modul evlərin istehsalı isə zəlzələyə davamlı və ekoloji cəhətdən təmiz tikinti sektorunun inkişafına təkan verir.

Böyük Qayıdış çərçivəsində Laçın şəhərinə və ətraf kəndlərə qayıdan vətəndaşlarımız üçün hərtərəfli sosial şərait yaradılıb. Məktəblər, uşaq bağçaları, tibb məntəqələri və istirahət zonaları müasir tələblərə tam cavab verir. Həkəri çayında yaradılan göl və bulvar ərazisi isə şəhərin turizm potensialını artırır.

Laçının timsalında bütün Şərqi Zəngəzurun sürətlə dirçəlməsi Azərbaycanın gücünün və qətiyyətli siyasi iradəsinin bariz nümunəsidir. Bu qədim diyar artıq sülhün, tərəqqinin və xoşbəxt gələcəyin ünvanıdır.

Tofiq Rüstəmli,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button