
Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin müstəqil dövlət kimi formalaşmasının, milli suverenliyinin möhkəmləndirilməsinin və demokratik inkişafının əsas hüquqi təminatıdır. Dövlətin siyasi sistemini, hakimiyyət institutlarının fəaliyyət prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını müəyyən edən Əsas Qanun Azərbaycanın dövlətçilik modelinin mahiyyətini özündə əks etdirir. Konstitusiyanın qəbul edilməsi sadəcə hüquqi sənədin təsdiqlənməsi deyil, həm də xalqın müstəqil gələcəyini müəyyənləşdirmək iradəsinin siyasi və hüquqi müstəvidə ifadəsi idi.
Azərbaycanın konstitusion inkişaf tarixi mürəkkəb siyasi mərhələlərdən keçib. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində milli dövlətçilik ənənələrinin əsasını qoysa da, mürəkkəb tarixi şərait səbəbindən dövlətin əsas qanununu qəbul edə bilmədi. Sonrakı sovet dövründə qəbul edilən konstitusiyalar isə Azərbaycanın siyasi və hüquqi həyatını müstəqil dövlətçilik prinsipləri əsasında deyil, ittifaq sisteminin tələblərinə uyğun tənzimləyirdi. Bu baxımdan, müstəqilliyin bərpasından sonra milli dövlətin suveren hüquqi əsaslarının yaradılması strateji zərurətə çevrilmişdi.
Məhz Ümummilli Lider Heydər Əliyevin siyasi rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu prosesi Azərbaycanın yeni Konstitusiyasının hazırlanmasına imkan yaratdı. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın siyasi sisteminin, hüquqi institutlarının və demokratik idarəçilik modelinin əsaslarını müəyyənləşdirdi. Bu sənəd dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi prinsipini təsbit etməklə yanaşı, insan hüquq və azadlıqlarını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etdi.
Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini



