İlham Əliyevin siyasi uğurları Azərbaycan gələcəyinin təminatçısıdır
Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir.
Müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin vəsiyyətini yerinə yetirən Fateh sərkərdə İlham Əliyevin hakimiyyətə gəlməyi, Azərbaycanın gələcəyi naminə atdığı uğurlu addımlar dünənimizin, bugünümüzün, sabahımızın təminatçısıdır. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə qiymətləndirilir. İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Bunu sübut edən ən böyük amillərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi oldu. Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu hadisə Azərbaycanda yürüdülən siyasətə və beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin, Azərbaycana olan inam və etimadın təzahürüdür. İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası nəticəsində erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi. Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi, Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başladı.
İlham Əliyevin prezidentlik dövrünün 20 ilinin yekunları göstərir ki, Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir.Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər. Onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı