Analitika

Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib.Ulu Öndər Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə,yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir.

Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının çağırışı idi. Ulu öndər xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıtdı və 15 iyunda Ali Sovetin sədri vəzifəsinə seçildi. Məhz bu gün müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanı fəlakətlərdən qurtardı. Ölkədə ictimai asayiş bərpa olundu, hərcmərclik aradan qaldırıldı və xalqın dövlətə olan inamı geri qaytarıldı. Azərbaycan beynəlxaq münasibətləri qurdu və ölkəmizin bir dövlət  kimi dünya birliyinə inteqrasiyası başladı.

Heydər Əliyev hakimiyyətə qayıdışı ilə yaranan vətəndaş müharibəsinin qarşısını almaqla, Azərbaycanı bölünmək, yox olmaq təhlükəsindən bir daha qorudu. Xalqın iradəsi hər şeyə üstün gəldi və müstəqil Azərbaycan öz nicat yolunu seçdi və görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışına rəvac verdi. Xalqı bu bəladan, vətəndaş müharibəsindən yeganə qurtuluş yolunu müəyyən edən Heydər Əliyevin olduğunu zaman özü göstərdi. Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı şərəfli xilaskarlıq missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət etdi.

Azərbaycan dövlətini dağılmaq və parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə əsaslı islahatlar yolu ilə uğurlu daxili və xarici siyasət xəttinin həyata keçirilməsi qısa dövrdə özünü göstərdi. Azərbaycan dünya birliyində özünə layiqli yer tuta bildi.

Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir. Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi bu günlərdə yenidən göz önündə canlanır, qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.   

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button