Heydər Əliyev yolunun layiqli davamçısı
Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olmuş, 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib.
İlham Heydər oğlu Əliyev 1999-cu ildən hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. O, 2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Topaqlarımızın azad edilməsilə İlham Əliyevin tarixi səfərləri başlanmış, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri cəmiyyətdə də böyük maraqla qarşılanır. Hazırda Azərbaycanın böyük tarixi qayıdış kimi planı var və bu, artıq icra edilməkdədir.
Prezident İlham Əliyevin həyata keçirdiyi bütün daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.