Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır
Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib. Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu önədimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyətdir və hamı onun nə dərəcədə əlçatmaz olduğunu çox gözəl bilirdi. Heydər Əliyev sanki bu dünyaya elə öz xalqı üçün, onun xoşbəxt gələcəyinin təmin olunması, səadəti, tərəqqisi üçün gəlmişdi. Həqiqətən, ölkəmizdə ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi, Azərbaycanın dünya miqyasında ən inkişaf etmiş ölkələr sırasında olması üçün göstərdiyi fədakar, titanik fəaliyyəti sanki onun tale, ömür yolu olmuşdur. Qısa bir zaman kəsiyində ulu öndər respublikamızın iqtisadi yüksəlişinə nail olmuş, onun beynəlxalq nüfuzunu yüksəltmişdir. O, ölkəmizə rəhbərlik etdiyi bütün zamanlarda xalqımızın taleyində, dövlətimizin həyatında elə bir rol oynayıb ki, xalq da onu əsrlər boyu unutmayacaq. Ulu öndər bütün həyatı və fəaliyyəti boyu xalqa arxalanmışdı. Heydər Əliyev 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz əməli fəaliyyəti ilə, özü də planlı və məqsədyönlü şəkildə mübarizə və mücadilə aparırdı. Bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin – müstəqil Azərbaycanın təməl daşı Heydər Əliyevin ideya müəllifliyi və birbaşa başçılığı ilə qoyulmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub.Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı