Gürcüstanla Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkələrdir
Gürcüstanla Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkələrdir. İki dövlət arasındakı əlaqələr möhkəm təməllər üzərində qurulmuş, Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər əməkdaşlığı yeni mərhələlərə daşımışdır. Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb. Gürcüstan, həmçinin regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. İki ölkəni bir-birinə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bundan başqa, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər qurumlar çərçivəsində əməkdaşlıqlar da mühüm əhəmiyyət kəsb edir. Əlaqələrin genişlənməsində 1998-ci ildə baş tutmuş tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın da özünəməxsus rolu olmuşdur.
Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələri daha da möhkəmləndirən səbəblərdən biri də həyata keçirilən rəsmi səfərlərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstana rəsmi səfərə gedib. Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Gürcüstan ilə Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir, biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Müzakirə olunan bütün məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq. Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bir sıra siyasi məsələlərdə də özünü göstərir. Məlumdur ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü məhz hərbi gücünün hesabına bərpa etdiyi dövrdə bir sıra dövlətlər ölkəmizə dəstəyini nümayiş etdirmişdir. Belə ki, İkinci Qarabağ müharibəsi zamanı Gürcüstanın Azərbaycanın yanında olması, xain Ermənistana silah daşınmasında tranzit ölkə olmaqdan imtina etməsi Gürcüstanın qonşuluq vəzifəsini yüksək səviyyədə icrasından xəbər verir. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini rəsmi şəkildə bəyan etmişdir.
Beləliklə, ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir. Bu hər iki ölkə liderlərinin – Azərbaycan Prezidenti İlham Əliyev və gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin birgə mətbuat bəyanatında səslənən fikirlər bunun sübutudur. Və bu iki ölkə liderləri Azərbaycan – Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrini gücləndirir. Dövlət başçımızın söylədiyi kimi: “Biz iki lider kimi Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrini gücləndiririk”.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi