Füzuli bu gün yenidən qurulur və inkişaf edir
Artıq üç ilə yaxındır ki, igid oğullarımızın sayəsində torpaqlarımızı düşmən tapdağından xilas etmişik. 44 günlük vətən müharibəsində Azərbaycanın növbəti qəhrəmanları doğuldular. Məhz onların sayəsində vətən savaşında Qarabağın qara buludlara bürünmüş səmaları aydınlaşdı, bulanıq suları duruldu. Bu savaşda səmalara aydınlıq, sulara duruluq gətirməklə yanaşı, eyni zamanda bir çox mətləblərə də işıq saldı. Saçılan işıq altında kimliyimiz dünyadan daha aydın göründü və beynəlxalq aləmə həqiqətlər daha da qabarıq şəkildə çatdı.
Oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib. Vətən müharibəsində hərbi əməliyyatların çox çətin getdiyi, xeyli şəhid və yaralılarımızın olduğu bölgələrdən biri də elə məhz, Füzuli rayonu idi. Füzulinin azad edilməsi ilə Azərbaycan Ordusunun Şuşaya və digər işğal altında olan torpaqlara doğru böyük zəfər yürüşünün yeni mərhələsi başlandı.
44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinin gücü, qüdrəti, ordumuzun peşəkarlığı hər kəsə məlumdur. Yüksək peşəkarlıq, ciddi nizam-intizam, lazımi səviyyədə təchizat, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və ruh yüksəkliyi, sağlam zabit-əsgər münasibəti, əməliyyat tapşırıqlarının yerinə yetirilməsində elmi və praktiki təcrübə kimi halları ordumuzun ünvanına qürur hissi ilə yaza bilərik.
Qeyd edək ki, vətən müharibəsi zamanı Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasət yalnız ölkə daxilində deyil, eyni zamanda bütün dünyada yaşayan azərbaycanlıların sıx birliyini, həmrəyliyini göstərdi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları, ayrı-ayrı soydaşlarımız Azərbaycan dövləti ətrafında bir yumruq kimi birləşərək möhtəşəm Qələbənin əldə olunmasına öz töhfələrini verdilər.
Azərbaycanın bu gün dünyanın hər yerində qeyd edilən möhtəşəm Qələbəsinin əsasında məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin məxsusi rolu xüsusi vurğulanmalıdır. Məhz onun böyük təşkilatçılıq qabiliyyəti, strateji düşüncə tərzi, dünya liderləri arasında xüsusi mövqe qazanmasına səbəb olmuş yüksək intellekti, Vətənimizə böyük uğurlar qazandıran dövlətçilik və idarəçilik məharəti, həmçinin son hadisələrin də təsdiq etdiyi kimi ən müasir tələblərə cavab verən sərkərdəlik məharəti bu qələbənin əldə olunmasında mühüm rol oynayır.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarına səfəri regionun yenidən dirçəldilməsi və oralara həyatın bir növ yenidən qaytarılmasıdır. Bu səfərlər üç il əvvəl tarixi ədalətin bərpa edilməsi nəticəsində əsl sahibinə qaytarılan yurd yerlərimizin bir də heç zaman düşmən məkrinin qurbanı olmayacağı anlamı daşıyır!
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi