COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Prezident İlham Əliyev çıxışında 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib olduğunu, bunun bizim ölkəyə hörmət əlaməti və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi demək olduğunu vurğuladı.
Belə bir tədbirin Azərbaycanda keçirilməsi bir neçə baxımdan çox əhəmiyyətlidir. Birincisi, postsovet məkanı ölkəsi kimi bu hadisə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan bu nailiyyətə böyük zəhməti hesabına nail olmuşdur. Daxili və xarici sahələrdə əldə edilən uğurlar nəticəsində ölkəmiz böyük etibar qazanmışdır və ona etimad yüksəkdir. İlham Əliyev həmin məqamı dəqiq vurğulamışdır: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”.
COP29-un Azərbaycanda keçirilməsinin regional və qlobal təhlükəsizlik sistemi arxitekturasının formalaşdırılması, qarşılıqlı fayda verən əməkdaşlıq platformalarının reallaşdırılması aspektində ciddi stimulverirci hadisədir. Həmin özəlliyi Prezident İlham Əliyev diplomatik məharətlə tədbirdəki nitqində ifadə etmişdir. Dövlət başçısı demişdir: “İndi isə mən enerji təhlükəsizliyinin digər seqmenti haqqında bir neçə söz söyləmək istərdim. Bu da neft və qazla bağlıdır. Anlayıram ki, bu mövzu iqlim dəyişmələrinə aid konfransda o qədər də populyar deyil. Lakin bunsuz mənim şərhlərim tam olmazdı”.
Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1.5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.
COP29 iştirakçılarının tədbirin təşkili səviyyəsi ilə bağlı verdikləri qiymət Azərbaycan tərəfinin məhz yüksək intellektə malik və dünya üçün böyük məsuliyyət hissini yaşayan dövlət olaraq iqlim dəyişikliyi problemini həll etməkdə qərarlı olduğunu göstərir. Bir sıra dövlətlərin başçıları Azərbaycan Prezidentinin çox məzmunlu nitq söylədiyini və buna görə cənab İlham Əliyevi və onun hökumətini təbrik etdiklərini bildirmişlər.
Prezident İlham Əliyev çıxışının sonunda tədbiri baykot etməyə çalışanlara buna nail ola bilmədikləri mesajını verərək qonaqları salamladı. “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.
Arzu Yaqubova,
181 nömrəli məktəbin müəllimi Tarixçi türkoloq