AnalitikaGündəmSiyasət

Dini-mənəvi dəyərlərin qorunması və müxtəlif konfessiyalar arasında qarşılıqlı hörmət

Azərbaycanın dövlətçilik tarixində dini-mənəvi dəyərlərin qorunması və müxtəlif konfessiyalar arasında qarşılıqlı hörmət ənənəsi xüsusi yer tutur. Prezident İlham Əliyevin dini idarə rəhbərləri və nüfuzlu dini xadimlərdən ibarət nümayəndə heyəti ilə görüşü də bu ənənənin müasir dövrdə davam etdirildiyini göstərən mühüm hadisədir. Görüşdə türk dünyasının və müsəlman aləminin müxtəlif ölkələrindən olan nümayəndələrin iştirakı ortaq mənəvi dəyərlərin xalqları bir-birinə daha da yaxınlaşdıran güclü amil olduğunu nümayiş etdirir. Dini liderlərin bir araya gəlməsi yalnız dini məsələlərin müzakirəsi baxımından deyil, həm də qarşılıqlı anlaşma, humanizm və sülh mədəniyyətinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Müasir dünyada müxtəlif cəmiyyətlərin bir-birini daha yaxşı anlamasına ehtiyacın artdığı bir vaxtda mənəvi dialoqun genişləndirilməsi xüsusi önəm daşıyır. Azərbaycan bu dialoqun təşviq edildiyi məkanlardan biri kimi öz zəngin tarixi təcrübəsini beynəlxalq əməkdaşlığa təqdim edir.

Bu görüşün mənəvi mahiyyətini daha da zənginləşdirən əsas amillərdən biri Yəhya Bakuvi irsinə göstərilən diqqətdir. Azərbaycan torpağı əsrlər boyunca böyük alimlər, filosoflar, şairlər və mütəfəkkirlər yetişdirib. Onların yaratdığı mənəvi xəzinə yalnız milli sərvət deyil, bəşəri düşüncə tarixinin də mühüm hissəsidir. Yəhya Bakuvi irsinin beynəlxalq konfrans çərçivəsində müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin iştirakı ilə öyrənilməsi bu baxımdan böyük əhəmiyyət daşıyır. Keçmişin müdrikliyini bu günün dünyasına çatdırmaq, mənəvi irsin yeni nəsillər tərəfindən tanınmasına şərait yaratmaq hər bir xalqın öz tarixi qarşısında borcudur. Bakıdan səslənən belə təşəbbüslər Azərbaycan mədəniyyətinin və mənəvi irsinin beynəlxalq aləmdə daha geniş tanınmasına, türk və müsəlman dünyası arasında elmi-mədəni əlaqələrin möhkəmlənməsinə yeni imkanlar yaradır.

 

Ələkbər Novruzov,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button