Cənab Prezidentin Gürcüstan səfəri ilə Cənubi Qafqazda siyasi münasibətlərin əsası qoyulacaq
Müstəqil dövlət kimi Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan-Gürcüstan dövlətləri arasında siyasi-iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatması iki ölkənin xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri, bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. Təbii ki, burada onların şəxsi nüfuzu, eyni zamanda, bir-birlərinə yaxın dost münasibətləri də əhəmiyyətli rol oynadı. Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iştirak etdikləri qlobal infrastruktur layihələrinin həlli ilə dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərdilər. Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir. Bu gün Azərbaycan və Gürcüstan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Ənənəvi görüşlərin ölkələrimizin bir-birinə daha yaxın olması, xalqlarımızın bir-biri ilə daha sıx dostluq etməsi məqsədinə xidmət etdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Necə ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Çağdaş dünya siyasətinin xarizmatik liderlərindən olan Prezident İlham Əliyevin siyasi kursu təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün sülh, təhlükəsizlik, inkişaf və rifah gətirmək məramı daşıyır. Regionda reallaşdırılan bütün qlobal miqyaslı beynəlxalq iqtisadi layihələrdən kənarda qalan Ermənistan bu həqiqəti dərk etməlidir. Cənubi Qafqazın tərəqqi yolunu Azərbaycan cızır və işğalçılıq hikkəsindən əl çəkməyən Ermənistan isə uğursuzluq zolağında çabalamaqda davam edir. Reallıq onu göstərir ki, inkişafa gedən yol Azərbaycandan keçir! Ermənistan üçün hələ də gec deyil. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir. Bu hər iki ölkə liderlərinin – Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin birgə mətbuat bəyanatında səslənən fikirlər bunun sübutudur. Və bu iki ölkə liderlər Azərbaycan -_Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrini gücləndirir. Dövlət başçımızın söylədiyi kimi: “Biz iki lider kimi Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrini gücləndiririk”.
Aynur Həsənova,
YAP-ın gənc fəalı