Analitika

Beynəlxalq riyakarlıq təzahürləri

Azərbaycanın Ermənistan üzərindəki tarixi Qələbəsi ölkəmizin dünya miqyasında olan nüfuzunu daha da artırdı. Əslində, bu şanlı Zəfər Ermənistanla bərabər, bu ölkənin havadarlarının, siyasi riyakarlıqdan, ikili mövqeyindən əl çəkə bilməyən bir sıra qüdrətli dövlətlər və özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərməyə cəhd edən nüfuzlu beynəlxalq təşkilatlar üzərində də qazanıldı. Çünki son 30 il ərzində Ermənistanın Azərbaycanın ərazilərinin 20 faizinin işğal altında saxlamasına, viran qoymasına, milli–mənəvi dəyərlərimizi məhv etməsinə biganəlik nümayiş etdirən bir sıra ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmır, mütəmadi olaraq, əksinə, Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul edirdilər. Bu bəyanatlarla tanış olanda adama elə gəlirdi ki, sanki Azərbaycanın yox, Ermənistanın ərazisi işğal altında olub. Belə qərəzli, yalan və böhtanla dolu bəyanatlar həmin beynəlxalq təşkilatlara olan inamı heçə endirir. Ölkəmiz Ermənistan üzərində tarixi Qələbə qazanmaqla həm “ağ”a “qara” deyən beynəlxalq təşkilatların, həm də Ermənistana havadarlıq edən dövlətlərin iç üzünü açdı. Ölkəmizə qaşı daim qərəzli mövqe nümayiş etdirən bir sıra beynəlxalq ekspertlər, təəssüf ki, hələ də çirkin əməllərindən əl çəkmir, erməni lobbisinin əlində oyuncaq olduqlarını bu gün də nümayiş etdirirlər.                Nüfuzlu beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli bəyanatlar verməsi həmin təşkilatları gülünc vəziyyətinə salır. Çünki İkinci Qarabağ müharibəsində cəmi 44 gün ərzində Ermənistan üzərində qazandığımız tarixi Qələbə münasibətilə Prezident İlham Əliyevə dünyanın müxtəlif dövlət başçılarından çoxlu sayda təbrik məktubları gəldi. Bu o deməkdir ki, həmin dövlətlər Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və “Qarabağ Azərbaycandır!” reallığını qəbul edir. Otuz il ərzində Azərbaycanın ərazilərinin işğalına göz yuman bir sıra beynəlxalq təşkilatların yenidən qərəzli bəyanatlar verməsi həmin qurumların ikili standartlar mərəzindən hələ də xilas ola bilməməsindən xəbər verir. Təəssüf ki, bu günlərdə belə qərəzli bəyanatlardan birinin də şahidi olduq. BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertinin, guya, Azərbaycan tərəfindən Laçın dəhlizinin blokadada saxlanıldığı və Qarabağda “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış etməsi təəssüf doğurur. Bu, BMT orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsi cəhdlərindən xəbər verir. Məgər həmin qərəzli bəyanatı qəbul edən “ekspertlər” BMT-nın 1993-cü ildə qəbul etdiyi dörd qətnamədən xəbərsizdirlər? Həmin bəyanatlarda Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını qeyd-şərtsiz çıxarmaları tələb olunmurdu? Bəs indi nə dəyişdi? Təbii ki, belə qərəzli bəyanatlar təsadüfdən yaranmır. Bu, nüfuzlu beynəlxalq təşkilatın erməni lobbisinin əlində alətə çevrilməsinin nəticəsidir. Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verən beynəlxalq təşkilatların Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməməsi, ölkəmizin daxili işlərinə qarışması və ikili standartlar siyasəti beynəlxalq hüquq normalarına ziddir. Hazırda bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan tərəfindən ciddi səy göstərilir və bu barədə beynəlxalq hüquqa əsaslanan beş təklif də irəli sürülüb. BMT-nin xüsusi məruzəçilərinə da xatırlatmaq istərdim ki, Ermənistan da həmin təklifləri qəbul edib. Bütün bunlardan sonra qərəzli bəyanat qəbul edənlər su bulandırmağa çalışır və bir daha siyasi riyakarlıq nümayiş etdirilər.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button