Analitika

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “bir millət, iki dövlət” olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.

Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarında dəqiq ifadə olunub. Ümümmilli liderin layiqli davamçısı  cənab İlham Əliyev də öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermiş və bunu öz sözləri və əməlləri ilə təsdiq etmişdir. Prezident İlham Əliyevin türk dünyası haqqında bu sitatını xüsusi vurğulamaq istərdim: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”. İki qardaş ölkə şad günündə də, kədərli günündə də bir birinin yanındadır. Van zəlzələsi zamanı Azərbaycan Türkiyəyə ilk qardaş yardımını göstərmişdir. Eyni zamanda da Türkiyə Cumhuriyyəti Qarabağ problemi yarandığı andan sona kimi Azərbaycan Respublikasını birmənalı şəkildə dəstəkləmişdir. Dostluğumuz, qardaşlığımız bütün müstəvilərdə sarsılmaz olmuşdur. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfindən səsləndirilən bəyanatların və imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradacağı, həmçinin regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunması baxımından çox böyük əhəmiyyətə malikdir.

Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə münasibətləri bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq və regional təşkilatlar, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə, Azərbaycan-Türkiyə Qarışıq Komissiyası kimi mexanizmlər çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir.

Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin müxtəlif sahələrdə birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button