Analitika

Azərbaycan xarici əlaqələr çərçivəsində bir çox beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir

Dünya üzrə təhdidlərin artdığı və yeni qeyri-sabitlik ocaqlarının yarandığı dövrdə Azərbaycan MDB-nin işində iştirak etməyə xüsusi əhəmiyyət verir və bütün istiqamətlər üzrə əməkdaşlığın artması üçün təmaslar edir. Dövlət başçımız cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı etdiyi çıxış da da bu məsələ ilə bağlı vacib nüanslara toxunub, eyni zamanda ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bağlı regionda baş verən və baş verəcək dəyişikliklərdən danışıb.

Cənab prezident həm də bildirib ki, Azərbaycan bütün vasitələrlə məsələni sülh yolu ilə həll etməyə çalışdı. Biz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak etdik. Yeri gəlmişkən, bu münaqişənin nizama salınmaması bir daha göstərir ki, ATƏT-də böyük dəyişiklik olmalıdır. Bu münaqişənin timsalında biz həm də Birləşmiş Millətlər Təşkilatının öz nüfuzundan və öz rıçaqlarından istifadə edə bilməməsinin şahidi olduq. Belə ki, BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi. Biz uzun müddət gözlədik, bizim ümidlərimiz var idi. Mən 2004-cü ildən müxtəlif mərhələlərdə danışıqlarda iştirak etdim, lakin təəssüf ki, 2019-cu ildə bütün ümidlər puça çıxdı. O vaxt Ermənistanın baş naziri bəyan etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. O, bununla bütün danışıqlara son qoydu və onları tamamilə mənasız etdi. Onu demək lazımdır ki, bu, suveren Azərbaycan dövlətinə qarşı açıq ərazi iddiası idi, çünki dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan qondarma “Dağlıq Qarabağ respublikasını” tanımırdı. Yəni, erməni rəhbərliyinin bu təxribatçı, düşünülməmiş, deyərdim ki, aydın olduğu kimi, özünə qarşı sui-qəsdçi addımı və digər, o cümlədən hərbi xarakterli təxribat fəaliyyətləri, 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı. Rusiya Federasiyasının və şəxsən Prezident Vladimir Vladimiroviç Putinin vasitəçiliyi ilə 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə keçmiş Dağlıq Qarabağ regionunun ətrafındakı rayonların hələ də işğal altında olan ərazilərinin də Azərbaycana qaytarılmasını, regiona isə Rusiya sülhməramlı kontingentinin yeridilməsini nəzərdə tutan üçtərəfli Bəyanat imzalandı.

İstər münaqişə dövründə istər münaqişədən sonra baş verən bütün ədalətsizliklərə baxmayaraq Azərbaycan Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Otuzillik işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı – bütün bunların hamısı, təbii ki, inkar edilir, tamamilə yalanla dolu hekayələr uydurulur. Lakin yeri gəlmişkən, onu da deməliyəm ki, elə dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. Belə saxtakarlığa və həyasızlığa yol verəcək qədər simasızlaşmaq qeyri-mümkündür. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar? Onlar heç nə eşitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər. Ona görə də biz indi Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibəsi ilə üz-üzə qalmışıq. Biz, əlbəttə, öz gücümüzlə buna müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdırmağa çalışırıq və çatdırırıq. Ancaq başa düşmək lazımdır ki, güclər qeyri-bərabərdir. Çoxillik müstəmləkəçilik tarixinə malik Fransa kimi ölkələrin dünya üzrə media resursları bizdəkindən qat-qat çoxdur.

Amma biz dövlət olaraq hər zaman bildiririk ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına gəldikdə, biz buna hazırıq. Biz sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, düşünürəm ki, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Hər hansı digər platformalar öz xidmətlərini təklif edən həmin ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcək.

Kərimov Qarabəy,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button