Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasının şahidi olur
Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur.
Son illərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir. Bu müddət ərzində Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasının şahidi olmaqda və iqtisadi sahədə müşahidə edilən mütərəqqi dəyişiklikləri özünün həyat səviyyəsində, rifahında hiss etməkdədirlər.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında bildirib ki, “Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Lakin hazırda, eyni zamanda, əsas hədəf şaxələndirmədir. Düşünürəm ki, biz iqtisadiyyatımızı xeyli şaxələndirə biləcəyik və enerji sektorundan asılılığı azaldacağıq. Baxmayaraq, enerji sektoru enerji təhlükəsizliyimizdə və Avropanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynamağı davam etdirəcək”.
İlham Əliyevin apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev əməllərinin davamıdır. Bu siyasətin məğzində Azərbaycanın iqtisadiyyatının inkişafı və əhalisinin yaxşı yaşaması əsas meyarlardan biridir. Azərbaycan və Azərbaycan xalqı var olduqca, Heydər Əliyev əməlləri və ideyaları daim yaşayacaq və qorunub saxlanacaq.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı