Azərbaycan və Litva əlaqələri güclü təməllər üzərində qurulub
Son illər Azərbaycanın dünya miqyasında günü-gündən nüfuzu artır və beynəlxalq əlaqələrinin əhatə dairəsi daha da genişlənir. Prezident İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri və ayrı-ayrı dövlətlərin başçılarının Azərbaycana səfərləri və eləcə də ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bunun bariz nümunəsidir. Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb. Azərbaycanla Litva arasında qarşılıqlı səfərlər, dövlət başçıları səviyyəsində keçirilən rəsmi və işgüzar görüşlər münasibətlərin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Litva ilə münasibətlərin möhkəmlənməsinə böyük önəm verən Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti bu istiqamətdə çox uğurlu olub. 2023-ci il may ayının 22-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Litvaya rəsmi səfər etmişdir. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilmiş, danışıqlar aparılmış, rəsmi sənədlərin imzalanma mərasimi olmuşdur. Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 41 sənəd imzalanıb. Həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur. Azərbaycanın Litva və digər Avropa ölkələri ilə əməkdaşlıqlarının sahələri genişlənir.
Prezident İlham Əliyevin Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumunda bir il ərzində ikinci dəfə ölkə başçılarının çıxış etməsi iki ölkənin biznes subyektləri və sahibkarları arasında əlaqələrə verilən əhəmiyyətin əyani göstəricisidir. Şübhəsiz ki, bu biznes forumu iki ölkənin biznes subyektləri arasında əlaqələrin qurulmasına və yeni biznes imkanlarının formalaşmasına ciddi təkan verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda çıxışı zamanı uzun illər Litva ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirib: «Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir».
Azərbaycanla Litva arasındakı ikitərəfli əlaqələrin genişləndirilməsi, həm də bizim Avropa İttifaqı ilə əlaqələrimizin gücləndirilməsinin mühüm tərkib hissəsi olmaqla Azərbaycanın Aİ ilə sıx əlaqələrə dair planlarının gerçəkləşməsinə yaxşı dəstəkdir. Ona görə də Azərbaycan və Litva dövlətləri arasında baş tutan səfərlər zamanı əldə edilən razılaşmaların və imzalanan sənədlərin sistemli və davamlı olaraq reallaşdırılmasına səylərin artırılması, həm dövlət və hökümətlərarası əlaqələrin, həm iş adamlarının, həm alim və mütəxəssislərin və ictimaiyyətin əlaqələrinin genişləndirilməsi və müasir tələblərə uyğun yeni məzmun verilməsi vacibdir.
Səba Rzayeva,
YAP-ın gənc fəalı.