Analitika

Azərbaycan və Gürcüstan dost və strateji tərəfdaşlardır

“Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir.  Əsrlər boyu xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşayıb, bu gün də bu, belədir. Eyni zamanda, Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır”.

Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. O da qeyd edilməlidir ki, Azərbaycan ilə Gürcüstanın əməkdaşlığı Avropa və dünya üçün xüsusi əhəmiyyət kəsb edir”.

Azərbaycanın və Gürcüstanın birgə icra etdiyi layihələrin təkcə ölkələrimiz üçün deyil, bölgə və bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıdığını deyən YAP Nizami rayon təşkilatının sədri əlavə edib ki, istər karbohidrogen ehtiyatlarının nəqli, istərsə də mal daşınmalarında yüksək artımlar hər iki ölkənin inkişafına da müsbət təsir göstərəcək: “Növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Həmçinin yeni elektrik enerjisi ilə bağlı layihələrin icrası nəticəsində Azərbaycan elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti də 5 milyon tona çatdırılacaq. Əlbəttə ki, bütün bu ixrac və nəql əməliyyatları Gürcüstandan keçir. Nəzərə alsaq ki, növbəti illərdə əsas vəzifə Avropaya ixracın genişləndirilməsidir, bu da Gürcüstanla Azərbaycanın digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklərinə mühüm şərait yaradır”.

Oxşar Xəbərlər

Back to top button