Analitika

Azərbaycan – Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və xalqlarımızın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkətverici qüvvəsidir

Dahi Ulu öndər Heydər Əliyev müasir dünya tarixinə, parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi, tükənməz bir məktəbdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Azərbaycan xalqının milli lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını əhatə edir. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, praktik perspektivliliyilə də böyük tarixi əhəmiyyətə malikdir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməs ilə Azərbaycan və Türkiyə arasındakı münasibət yeni bir mərhələyə qədəm qoymuşdur. Ulu öndərin təşəbbüsü ilə ölkəmiz 1993-cü ildə TÜRKSOY-a qatılmışdır. Azərbaycan Respublikasının qurucusu Heydər Əliyev dövründə ikitərəfli münasibətləri daha da yüksəltmişdir. Türkiyəli iş adamları Bakıya gəlib Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa başladılar. Bununla bərabər, azərbaycanlı alimlərin, musiqiçilərin, həkimlərin Türkiyəyə sürətli axını başladı. Bu gün ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb. Qardaş Türkiyə Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyini müdafiə edib, Azərbaycan da öz növbəsində Türkiyənin üzləşdiyi problemlərin həllində dəstəyini əsirgəmir. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan ilə Türkiyəni dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir”.Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” tarixi formulu zamanın çətin sınaqlarından keçərək öz doğruluğunu, həyatiliyini, zəruriliyini, gərəkliliyini, perspektivliliyini nümayiş etdirməklə etnik kökləri, dili, adət-ənənələri bir olan xalqlarımızın birliyinin və birlikdə inkişaf və tərəqqisinin təməl daşıdır.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button